
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniya "Şkendiya"sının azarkeşlərinə ayrılmış yerlər də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır.
Klubdan Sportnet.az-a verilən məlumata görə, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının Bakıya gəlməməsi səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.
Satış sabah saat 12:00-dan start götürəcək.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.