
“Hər avrokubok mövsümü və oyunları iştirakçı komandalar üçün faydalıdır".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Kiprdə "Omoniya"ya 0:5 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
“Araz-Naxçıvan”ın bu yarışda yeni komanda olduğunu xatırladan 45 yaşlı mütəxəssis rəqibin layiqli qələbə qazandığını bildirib: "Əlbəttə, məğlubiyyətlərdən nəticə çıxarsaq, gələcək üçün faydalı olacaq. Hər iki oyunda yenildik. Rəqibi təbrik edirik. Təcrübəli, bizdən güclü kollektivdirlər".
Baxşıyev məğlubiyyətləri ilk oyunu cəza, cavab görüşünü isə "Neftçi"yə qoşulması üzündən buraxan mərkəz müdafiəçisi İqor Ribeyronun yoxluğu ilə bağlamağın əleyhinə çıxıb: "İkinci hissədə müdafiə xəttində müəyyən dəyişikliklər edildi. Ancaq hər iki oyundakı məğlubiyyəti İqor Ribeironun yoxluğu ilə bağlamazdım. Komanda şəklində daha çox səhvlər etdik. Qarşımızdakı rəqib də daha təcrübəli və iki oyuna görə daha keyfiyyətli idi. İqor artıq bizim oyunçu deyil, onunla bağlı hansısa düşüncəmiz, planımız yoxdur. Təlim-məşq toplanışında da bu sistemdən istifadə edirdik və hər iki sistemə öyrəşmişik. Daha çox komanda şəklində bərk olmalıyıq”.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Omoniya"ya ilk matçda 0:4 hesabı ilə uduzub.