
"İlk oyunu yeni futbolçulardan ibarət komandaya qarşı keçirdik. Bizim də yeni oyunçularımız var idi. Onların ilk turda belə bir kollektivlə oynamaları çətin idi. Lakin futbolçularımdan razı qaldım".
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, səfər matçında 1 xal sevindiricidir: "Bundan da yaxşı oynamaq, futbolçularımızın daha yaxşı inkişafını istəyirik. Bunun üçün səylə çalışmaq lazımdır".
O, komandasının ehtiyat qüvvəsinin gənclərdən ibarət olduğunu və onlara da şans verəcəyini açıqlayıb: "Qarşımızdakı hədəfə çatmağa heyətimiz imkan verir. Bizim də büdcəmiz çox olsaydı, digər komandalar kimi 15-17 oyunçu alardıq. Yerli oyunçu transfer edə bilmirik, çünki onları gətirmək legionerlərdən çətindir. Lakin bu gün oyuna girənlər əsas heyətdə də şans versəm, pis çıxış etməzlər".
Abbasov Edqar Adilxanovun əsas heyət üzvü olduğunu, lakin onun cinahında rəqabətin daha çox olduğunu vurğulayıb.
Baş məşqçi məqsədlərinin qol vurmaqdan ibarət olduğunu söyləyib: "Belə bir komandaya qol vurduqdan sonra üzərimizdə təzyiqin yaradacağını bilirdik. Elə də oldu. İkinci topu da vursaydıq, nəticə başqa cür də ola bilərdi. Futbolçularımız möhkəm olmalıdırlar ki, təzyiqlərə dözsünlər. Bu münasibətlə futbolçularımı təbrik etdim. Bunların hamısı inkişafımıza səbəb olacaq. Qol vura da, buraxa da bilərik. Əsas odur ki, təslim olmayaq".
O, baş hakim Elçin Məsiyevi UEFA Super Kubokunun hakimləri arasında olması münasibətilə təbrik etdiyini, ona sarı vərəqənin sərt mübarizəyə imkan verməsi xahişinə görə verildiyini açıqlayıb.
Abbasov bu mövsüm Azərbaycan Premyer Liqasında baş verən yeniliklərin özü üçün də maraqlı olduğunu dilə gətirib: "Milli üzvü, yoxsa ən yaxşıları meydana buraxmaq daxilimdə olan mübarizədir. Prinsiplərimizdən biri gəncləri yetişdirməkdir. Elə oyunlar olacaq ki, bu riskə gedəcəyik. Amma "Şamaxı"nın da Premyer Liqada yerini təmin etməliyik".