
UEFA Çempionlar Liqasında "Qarabağ"ın Macarıstanın paytaxtı Budapeştdəki "Groupama Arena"da "Ferentsvaroş"a qarşı keçirdiyi ilk pley-off matçına azərbaycanlı azarkeşlər də böyük rəğbət qazandılar.
Avropanın müxtəlif ölkələrindən gələrək, tribunaya toplaşan çoxsaylı azarkeş oyunboyu dəstəyini əsirgəmədi. Azərbaycan komandasının futbolçuları da oyundan sonra onlara təşəkkür etməyi unutmadı.
"Ferentsvaroş" - "Qarabağ" oyununun tribuna lideri Şamil Mustafayev Sportnet.az-a açıqlamasında qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb, bir sıra maraqlı açıqlamalar verib:
- Azarkeşlər, əsasən, hansı ölkələrdən gəlmişdilər?
- Şəxsən bildiyim Niderland, Almaniya, Polşa, Amerika, Azərbaycan, Litvadan olanlar var idi. Bir də təbii ki, əksər uşaqlar Macarıstandan idi.
- Qarşılaşma öncəsi və sonra insident yaşanmadı?
- Xeyr. Amma oyundan öncə polis müşayiəti olmadı. Təhlükəsizlik xidmətindən bizə verilən məlumat o idi ki, klub onlara yalnız oyun günü bizim yığışacağîmîz yer və yürüş barədə məlumat verib. O da çox gec idi. Oyundan öncə özümüz mühafizə ilə danışıb matçdan sonra polis müşayiəti xahiş etdik və onlar da bunu təşkil etdilər.
- Bəs "Ferentsvaroş" azarkeşləri sizə münasibətdə özlərini necə aparırdılar?
- Çox normal. Açığı, xuliqanları digər istiqamətdən tribunaya göndərdilər. Bu səbəbdən, bizimlə üz-üzə gəlmədilər. Amma yan sektorlarda oturan azarkeşlərlə elə ciddi problem yaşanmadı.
- Sizcə, 12 ildir avrokubokların əsas mərhələsində yer alan "Qarabağ" üçün orada kifayət qədər azarkeş kütləsi formalaşıbmı?
- Kifayət qədər deyəndə, baxır neçə nəfəri nəzərdə tuturuq. Sabit sayda hər ölkəyə gedə biləcək təxmini 100 nəfərlik kütlə var. Qalanları həmin və ya ətraf ölkələrdə yaşayan azərbaycanlılardan ibarət olur. Ona görə 2023/2024 mövsümündə Almaniyada "Bayer Leverkuzen" ilə 1/8 final matçına 1 900 azarkeş gəlmişdi, həm də oyunun keçirilmə ayı və əhəmiyyəti də önəm daşıyırdı. Macarıstanda isə əsasən tələbələrdir. Amma yayda tətildə olduqları üçün dünən 413 nəfər var idi. Əminliklə deyə bilərəm ki, oyun payız-qış aylarında keçirilsəydi, daha çox azarkeş olardı.
- Türkiyəli azarkeşlərin "Qarabağ"a marağı necədir və onlar Azərbaycan komandalarının Avropadakı oyunlarını stadiondan canlı izləmək istəyirlərmi?
- Maraq böyükdür və "Qarabağ"ın oyunlarına gəlmək istəyirlər, amma onlarla iş aparmaq, oyunlar barədə məlumatı özlərinə çatdırmaq lazımdır. Məsələn, 2022/2023 mövsümündə Belçikada keçirilmiş "Genk" - "Qarabağ" matçına çoxlu türkiyəli azarkeşlər gəlmişdi. Yəni, dəvət edəndə gəlirlər.
- Oyundan sonra tribunaya yaxınlaşaraq, sizə təşəkkür edərkən, "Qarabağ" futbolçuları ilə hər hansı dialoqunuz və onlardan forma alan azarkeş oldu?
- Hər hansı dialoq olmadı, amma gördüyüm qədərilə 3 oyunçu öz formasını azarkeşlərə bağışladı. Bunlar Emmanuel Addai, Marko Yankoviç və Toral Bayramov idi. Eyni zamanda, "Qarabağ" futbolçularının 2-ci və 3-cü qoldan sonra azarkeşlərə yaxınlaşmaları xoş idi. Çünki qolu nadir hallarda azarkeşlərlə qeyd edirlər.
- Qonaq komanda azarkeşlərinə münasibətdə hansı çatışmazlıqları qeyd edərdiniz?
- Ən problemli məsələ yürüşdə polis müşayiətinin olmaması idi. Halbuki, 2019-cu ildə millinin matçından öncə eyni yerdən eyni stadiona doğru yürüş etmişdik və polis müşayiəti təşkil olunmuşdu. Bu cəhətdən, klubun işində axsama var. Həmçinin, Liqa mərhələsi üçün artıq vauçer sistemindən çıxıb normal QR kodlu sistemə keçilməlidir. Yoxsa azarkeşlər kassanın önündə, 1 saat -1.5 saat gözləyib vauçeri biletə dəyişirlər. Ötən mövsüm İngiltərənin paytaxtı Londonda keçirilmiş "Tottenhem" - "Qarabağ" matçında ümumiyyətlə sıranın ucu-bucağı görünmürdü. Oyunun başlama saatı yubadılmasaydı, azarkeşlər vaxtında içəri girə bilməyəcəkdilər.