
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis heyəti açıqladıqdan sonra "Qarabağ"ı Çempionlar Liqasına vəsiqə münasibətilə təbrik edib və jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan futbolunda legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiniz. Etiraz etmədiyiniz üçün peşman deyilsiniz?
- Bu məsələnin mənə aidiyyatı yoxdur. Mən sadəcə, baş məşqçiyəm, öz işimə köklənirəm. Qalan məsələlər barədə Azərbaycan futbolunun rəhbər şəxsləri qərar verir.
- Kapitan Bədavi Hüseynovun çağırılmaması nə ilə əlaqədardır? Qapıçı qismində Rza Cəfərov və Aydın Bağırovun çağırmısınız. Başqa seçiminiz yox idi?
- Əlbəttə, oyunçunun rəqabət şəraitində çıxış etməməsi məni narahat edə bilər. Millinin baş məşqçisi olaraq, istərdim ki, oyunçularımın davamlı oyun praktikaları olsun, bundan əziyyət çəkməsinlər. Amma bu, hazırda real görünmür. Bu ssenari ilə davam edib işləməliyik. Əlimizdəki materialla yaxşı hazırlaşaraq, qarşıdakı matçlarda yaxşı nəticə əldə etməyə çalışacağıq. Oyunçunun meydana çıxıb-çıxmamasından asılı olmayaraq. Hazırkı durumda bunlarla işləməliyik. Əlbəttə, dəvət alan oyunçuların klublarında davamlı çıxış etmələrini və oyun praktikasının yoxluğundan əziyyət çəkməmələrini istərdim. Biz də oyunları izləyir, analiz edirik. Bədavi Hüseynova gəlincə, ona böyük hörmətim var, çox istəyirəm, burada olmasını istərdim. Amma klubunda oynamadığı üçün toplanışa dəvət almayıb. Bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Növbəti toplanışlara dəvət ala bilər. Ümumilikdə oyunları izləyib təhlil edirik, qərar vermək asan olmur. Amma bəzi məsələlərdə dərinliyə vardıqca hansı oyunçular kömək edə biləcəksə, onları dəvət etmişik.
- Qarşıdakı 2 matçda yaxşı nəticə necə ola bilər?
- Futbolda hər bir nəticə gözlənilə, baş verə bilər. Lakin son yoldaşlıq görüşləri və əvvəlki toplanışlara əsasən deyə bilərəm ki, futbolçular çox istəklidirlər. Bu da mənə ümidli baxmağa əsas verir. Ümid edirəm ki, eyni istək və ritmdə davam edəcəklər. Azərbaycan xalqı, mən və oyunçular qələbə istəyirik. Ümid edirəm ki, bu, baş verəcək.
- Qapıçılardan Şahrudin Məhəmmədəliyev klubunda cəmi 1 oyun keçirib, digərləri oynamırlar. Amma nəyə görə "Sumqayıt"da daimi oynayan Mehdi Cənnətov milliyə dəvət almır?
- Cənnətov dəvət ala bilməzdi. Çünki pasport problemi var. Eyni qaydada Vüsal İsgəndərlidə də problem var. Məhz bu səbəbdən milliyə çağırılmayıblar.
- "Qarabağ"dan nə gözləyirsiniz?
- Sözsüz ki, heç də asan olmayacaq. Rəqiblər açıq-aşkar güclüdürlər. "Qarabağ" layiqli şəkildə gəlib çıxdı. Əllərindən gələni edəcəklər ki, ölkəni layiqincə təmsil etsinlər. Neçə xal toplayacaqları barədə sualı şərh edə bilmərəm. "Qarabağ"ın çox yaxşı, uğurlu çıxış edəcəyinə ümidvaram.
- Bəs Azərbaycan millisinin rəqiblərini necə dəyərləndirərdiniz?
- Bu, yaxşı, vacib sualdır. Bizi qarşıda heç də iki asan oyun gözləmir. İslandiya yığmasında eyni oyunçular uzun müddətdir birlikdə və ölkə xaricində çıxış edirlər. Çox təcrübəli və keyfiyyətlidirlər. Elə bir komandadır ki, arxadan hücumları qurmağı çox yaxşı bacarırlar, mütəşəkkil hücumları var. Topsuz olanda çox aqressiv çıxış edir, dərhal topu ələ keçirməyə çalışırlar. Mən köməkçilərimlə birlikdə bir çox oyunlarına baxmışıq, təhlil etmişik, necə oynadıqlarını bilirik. Hücumda güclüdürlər. Eyni zamanda zəif nöqtələrini də bilirik. Komandamızı matça yaxşı hazırlayacağıq. Rəqibimiz 4-2-3-1 sistemi ilə çıxış edir. Hücumda 4-3-3 olurlar. Çox yaxşı oyun olacaq və yaxşı hazırlaşacağıq. Ukrayna isə çox güclü rəqibdir. İki rəqibi müqayisə etsək, Ukrayna millisində bir dayaq yarımmüdafiəçisi, qarşısında isə 2 hücumameylli yarımmüdafiəçi yer alıb. Üzərimizə düşən iş hər iki komandanı yaxşı təhlil edərək, futbolçularımıza çatdırmaqdır. Builki oyunlardan birini səfərdə keçirəcəyik. Ona görə də İslandiyaya daha tez uçmağa qərar vermişik. Aramızda 4 saat fərq var. Uzun səfərlərdən sonra 1 gün vaxt lazımdır ki, oyunçular özlərinə gəlsinlər. Tez uçub məskunlaşacağıq ki, yaxşı hazırlaşaq. Ondan sonra isə Ukraynaya qarşı ev oyununda azarkeş dəstəyinə ümid edirik. Hər bir oyuna qələbə üçün çıxır və buna uyğunlaşırıq.
- Milli komandanın uğursuzluqlarına görə sərt tənqidləri necə qarşılayırsınız?
- (gülür - red.) Heç nə demirəm. Mən burada baş məşqçi kimi çalışıram.