
Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçi postundan istefaya göndərilə bilər.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu, Fransa və Azərbaycan yığmaları ilə 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarında uğursuzluq təqdirində gerçəkləşəcək.
51 yaşlı mütəxəssisin kreslosu hələ ötən il laxlamağa başlayıb. Bununla belə, həmin vaxt Rebrova yenə şans verilib və qarşısına DÇ-2026-ya vəsiqə qazanmaq vəzifəsi qoyulub.
Lakin ötən müddətdə komandanın göstərdiyi nəticələr bu tapşırığın yerinə yetirilməsinin çətin olduğunu düşünməyə əsas verir.
Ukrayna yığmasında Andrey Şevçenkonun dövründəki sinergiya yoxdur və komanda bunu əldə etməyə çalışmır. Baş məşqçinin millini kluba çevirmək istəyi isə böyük səhv kimi qiymətləndirilir.
Hazırda Rebrovu əvəzləməyə əsas namizəd kimi U-19 millisinin baş məşqçisi Unai Melqosa göstərilir. İspaniyadan olan mütəxəssis öz bacarığını aşağı yaşlılardan ibarət yığmalarda göstərib və bir çox ukraynalı həmkarı kimi digər işlərlə məşğul deyil.
Melqosanın mətfi cəhəti əsas yığma ilə iş təcrübəsinin olmaması və U-21 Avropa çempionatındakı uğursuzluqdur.
Digər variant kimi zəngin təcrübəyə malik Yuri Vernidub göstərilir. Vernidubun son iş yeri "Krivbass" olub. O, yerli "Zarya" və Moldova "Şerif"ində də çalışıb və emosionallığı, nizam-intizamı ilə seçilir.
Habelə, italiyalı taktik, analitik yanaşması ilə məşhur olan Andrea Malderanın da namizədliyi nəzərdən keçirilir. Onun namizədliyi Rebrovadək müzakirə olunub. Lakin top-komandalarla iş təcrübəsinin yoxluğu şübhə doğurur.
Seçim qarşıdakı matçlardan asılı olacaq. Bunlar sadəcə, ehtimallardır, amma məşqçilər korpusunun gələcəyi açıq olaraq qalır.
Qeyd edək ki, Ukrayna millisi Fransa ilə bu gün Polşanın Vrotslav şəhərində, Azərbaycanla isə sentyabrın 9-da Bakıda üz-üzə gələcək.