
"AFFA artıq məlumat yayıb. Milliyə rəhbərlik edirik. Əlbəttə, müqaviləmiz də var".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycanın əsas millisində də eyni vəzifəyə təyin olunub-olunmadığına dair sualı cavablandırarkən deyib.
44 yaşlı mütəxəssis sözləşmənin şərtləri və detallarının AFFA ilə özünə məxsus olduğunu bildirib: "Məni əsas maraqlandıran güvən, istəik idi. O güvəni gördüm. Bu gün həqiqəti deməliyik ki, milliyə kömək də lazımdır. Martdan AFFA ilə əməkdaşlığımız var, U-21-də çalışırdıq. Amma elə alındı ki, məlum hadisələr oldu. Qarşıdakı oyunlar və planlar haqqında yəqin ki, geniş məlumat verəcəyik. Bir az vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır. Hazırda bir-birimizə güvən var və milliyə biz başçılıq edirik".
Onun fikrincə, müqavilə müddətində heç bir problem yoxdur: "Burada fikir ayrılığımız yoxdur. Sanki 5-6 illik müqavilə bağladığımızı desəm, hər şey bitir. Məndən əvvəlki baş məşqçilərdə müddət olub. Əvvəllər işlədiyim klublarla da 3 illik müqavilə bağlamışdım. Məncə, müddət vacib deyil. Vacib məsələ odur ki, biz nə istəyirik və qarşımıza qoyulan məqsəd, iş planı nədən ibarətdir. Müddət məsələsi barədə fikir mübadiləmiz və anlaşmamız olub".
Abbasov hazırda Xorvatiyanın "Varajdin" klubunda çıxış edən hücumçu Rüfət Abdullazadəni milliyə çağırmamasını belə əsaslandırıb: "Ən önəmlisi odur ki, heyəti qorudum. Çünki hazırda millidə dəyişikliyə ehtiyac yoxdur. Müəyyən problemlər var. Bir çox futbolçu öz klublarında çıxış etmir. Lakin gerçəyi desək, bu dəqiqə dəyişiklik milliyə pis təsir edə bilər. Ukraynaya qarşı son oyunumuzdakı ab-hava, futbolçuların istəkli olmaları onların milliyə yenidən dəvət almağı haqq etdiklərini göstərir. Rüfət Abdullazadəni izləmişəm, onu çox yaxşı tanıyıram. Hazırda hücum xəttimizdə rəqabət çox yaxşıdır. Hazırda Rüstəm Əhmədzadə çox yaxşı formadadır, Ceyhun Nuriyev, Toral Bayramov, Mahir Emreli, Nəriman Axundzadə, Renat Dadaşov ön xətdə oynaya bilər. Ona görə də Rüfət gələcək planımızda var. Təkcə o yox, bir neçə futbolçu millinin heyətinə düşə bilər. Hazırda ən yaxşı formada olan Xəyal Əliyevdir. Amma biz U-21-i də, futbolçuların inkişafını da fikirləşirik. Gələcəkdə qismət olsa, onlar da çağırılacaqlar".
Təcrübəli mütəxəssis "Almaniya "Kayzerslautern"də 5 oyundur heyətə salınmayan Mahir Emrelinin hazırkı durumu gələcəkdə milliyə dəvət almasına nə dərəcədə təsir edə bilər" sualına isə belə cavab verib: "Mən məsələyə başqa cür yanaşıram. Mahir Emrelinin özü ilə də söhbətim olub. Bu gün biz futbolçularımızı da qorumalıyıq. Klubunda nə isə problemi ola bilər. Bəli, çətindir, oyun praktikası azdır. Amma hücum xəttindəki oyunçularımız ümumən az çıxış edirlər. Yəqin ki, bunu Mahir daha yaxşı bilir və fikirləşir. Klubunun birdən-birə niyə belə qərar verdilər. Bilirik ki, klubu da Mahirin transferində israrlı idi. Özü də ötən mövsümü "Nürnberq"in heyətində pis keçirməmişdi. Emreliyə güvənimiz çoxdur. Təkcə o yox, bir çox futbolçumuz Avropada rahat çıxış edə bilər. Biz bu dəqiqə Mahirə dəstək olmalıyıq".
Abbasovun fikrincə, Azərbaycan Premyer Liqasında legioner limiti olmalıdır: "Bunu millidə işləməyəndə də demişəm və yenə də öz fikrimdə qalıram. Lakin eyni zamanda futbolçular da fikirləşməlidirlər. Onlar da bəzən səhv qərarlar verirlər. Hansısa komandada oynamağın ona çətin olacağını bildikləri halda, orada qalırlar. Bu gün millidə ən az futbolçusu oynayan klub "Turan Tovuz"dur. Rəhim Sadıxov, Xəyal Nəcəfov, Ayxan Hüseynov və Veysəl Rzayev milliyə namizəd futbolçular ola bilərlər. Amma görürük ki, klubda az oynayırlar. "Qarabağ"da isə elədir ki, Çempionlar Liqasında oynamayan yerli futbolçular Premyer Liqada meydana çıxırlar və nəticədə balans yaranır. Ona görə də bəzi futbolçular gələcək karyeralarında milli komanda üçün mübarizə aparmalıdırlar. Bu gün "Neftçi"də, "Zirə"də yerlilər oynayır və onlar legionerləri rəqabətdə udurlar. Ona görə də limitin götürülməsinin nəticələrini gələcək göstərəcək. Yenidən müzakirə olarsa, fikrimizi deyərik".
Baş məşqçi "Oser faciəsi"nin yenidən təkrarlanma ehtimallarına da münasibət bildirib: "İnanın ki, Fransa və Ukrayna ilə səfər oyunları, daha sonra İslandiya və Fransa ilə ev oyunları çox çətin olacaq. Amma siz dediyinizi fikirləşməmişəm və bir saniyə belə, çəkinməmişəm. Məni başqa detallar narahat edirdi. Əlbəttə, dediyiniz məqam önəmlidir. Zatən, millidə çalışmaq istəyirsənsə, həmişə rəqiblərin güclü olacaqlarını bilməlisən. Bundan sonrakı tsikldə bilmirik ki, kimlər düşə bilər. Məsələn, İspaniya, İtaliya da düşə bilər. Çəkinəcəyiksə, onda bu işlə məşğul olmayaq. İnanıram ki, futbolçularımız uğurlu nəticəyə inanacaqlar, döyüşəcəklər. Bu dəqiqə ən önəmli məsələ meydanda savaşmaqdır. Bunu edəndən sonra fikirləşdiyimiz o neqativlər olmayacaq. Mən inamlıyam. Bu gün qarşımıza qoyulan məqsəd vuruşmaqdır".
Baş məşqçi daha əvvəl rəhbərlik etdiyi U-21 yığmasında işlərin normal getdiyini vurğulayıb: "O komandada işlər yarımçıq qalmayıb, davam edir. Ciddi dəyişiklik yoxdur. Qarşıdakı 2 aylıq bölümdə qərara gəldik ki, ora da nəzarətimiz olsun. Lakin yeni baş məşqçi təyin olunmalı idi. Orada 4-5 futbolçu var ki, əsas milliyə namizəddir. Lakin beynəlxalq təcrübələri yoxdur, o təcrübəni qazanmalıdırlar. Builki işimiz o idi ki, milliyə 4-5 futbolçu qazandıraq. Məncə, qazandıracağıq".