
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşada Ukraynaya qarşı 2026-cı il dünya çempionatının seçmə oyunu zamanı yerli azarkeşlərin əhatəsinə düşüb.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı 28 yaşlı hücumçu şəxsi instaqram hesabında paylaşım edib.
Tribunadakı azarkeşlərə avtoqraf verən Emreli "Sadiq azarkeşlər üçün məsafənin önəmi yoxdur" yazıb. O, fikirlərini polyak dilində "Serdecznie dziekuje" ("Çox sağ olun") sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Mahir Emreli 2021/2022 mövsümünün ilk yarısında Polşanın paytaxtı Varşavanı təmsil edən "Legiya"nın formasını geyinib. Ukrayna - Azərbaycan matçı isə Krakov şəhərindəki "Krakoviya" stadionunda keçirilib və rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.