“Bizim üçün vacib o idi ki, yoxlama oyunu keçirək. Şadıq ki, çox qol vurduq. Lakin belə oyunlarda nəticə heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, futbolçular onlara verilən tapşırıqları yerinə yetirsinlər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze "Baku Sportinq"ə 7:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, yoxlama oyunlarındakı qələbələr komandasını aldatmamalıdır: "Müəyyən səhvlərimiz oldu və bunun üzərində işləyəcəyik. Artıq çempionatın başlamasına bir həftə qalır. Yaxşı hazırlaşmaq lazımdır. Təəssüf ki, iki futbolçumuz - Xayme Syerra və İbrahima Sanqare cəzalı olduqlarından “Şamaxı” ilə matçda oynamayacaqlar. Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır. Yoxlama matçları ilə çempionat oyunları arasında böyük fərq var”.
Qeyd edək ki, Kaxaber Tsxadadze mövsümün ikinci yarısındakı 4 oyunda cəzası üzündən texniki zonada yer almayacaq. Səbəb "Qəbələ"nin evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu XVI tur matçında onun hakimləri təhqir etməsidir.












































































