“Yeni ildə belə geniş heyətlə ilk təlim-məşq toplanışımızdır. Yeni futzalçılar dəvət etmişik. Onlar perspektiv vəd edirlər. Təbii ki, çalışırıq ki, onları növbəti oyunlara hazırlayaq".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç komandanın açıq məşqindən əvvəl brifinqdə deyib.
Rusiyalı mütəxəssis yoldaşlıq oyunlarında iştirak etməklə kollektivi rəsmi görüşlərə hazırlamağa çalışdıqlarını bildirib: "Başa düşməliyik ki, rəsmi oyunlara kimlərlə çıxacağıq. Belə görüşlər keçirməklə gənc futzalçıları rəsmi matçlara hazırlamaq istəyirik. İşimiz çox, vaxtımız isə azdır”.
Yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimrka yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi hazırlığını davam etdirir. Yanvarın 18-də təlim-məşq toplanışına start verən komanda oyuna qədər 6 məşq keçəcək. Daha çox standart vəziyyətlər üzərində çalışan futzalçılar gündə iki dəfə parket üzərinə çıxır.
Qeyd edək ki, final mərhələsi 2028-ci ildə keçiriləcək dünya çempionatının oyunlarına komandamız əsas mərhələdən başlayacaq. Apreldə ilkin mərhələnin görüşləri keçiriləcək, mayın 19-da isə 36 komandanın iştirak edəcəyi əsas mərhələnin püşkü atılacaq. Oyunlar isə bu ilin oktyabrda start veriləcək.









































































