“İlk olaraq, 20 Yanvar tarixinin hamımız üçün ağır gün olması səbəbindən xalqımıza başsağlığı verirəm. Çox vacib oyuna çıxacağıq. Düzdür, hazırlaşmağa vaxtımız çox da olmadı. Buna baxmayaraq, istirahətə və matça daha sakit hazırlaşmağa bir qədər vaxtımız oldu. Düşünürəm ki, mövcud qısa zamanı səmərəli şəkildə istifadə etdik, ən azından futbolçularımızı fiziki cəhətdən oyuna hazırlamağa çalışdıq. Lakin əlavə bir yoldaşlıq oyunu da keçirsəydik, daha yaxşı olardı. Futbolçularım məşqlərdə istəkli və intizamlı idilər, qarşıdakı oyuna böyük önəm verirdilər. İnanıram ki, sabahkı oyunda meydanda çox intizamlı kollektiv görəcəyik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Almaniyanın "Frankfurt"ına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçından əvvəl mətbuat konfransında deyib.
Daha sonra 54 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibin məşqçilər heyətindəki dəyişikliklər komandanıza necə təsir edə bilər?
- Belə dəyişikliklər bəzən bizə mane olan amillərdəndir. Rəqib daha kompakt, daha intizamlı, daha istəkli olacaq. Buna baxmayaraq, baxımlı oyun göstərməyə, azarkeşləri sevindirməyə çalışacağıq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq.
- Bu dəyişikliklər taktiki planlarınızı poza bilərmi?
- Düşünmək olar. Çünki "Ayntraxt" yanvardan bəri keçirdiyi 3 oyunda fərqli heyət və sistemdən yararlanmışdı. Matçın gedişatında fərqli-fərqli hücumlar qurur, hər oyunda bir cür müdafiə olunurdular. Ona uyğun iş aparırdıq. Birdən-birə bu dəyişiklik baş verdi. Sabah meydanda o qədər diqqətli olmalıyıq ki, onların gedişlərinin qarşısını ala və ya öz gedişlərimizi daha da yaxşılaşdıra bilək. Buna baxmayaraq, belə hallar olub. Birinci dəfə deyil ki, vacib oyundan əvvəl bu cür dəyişikliklərlə qarşılaşırıq. İnanıram ki, özümüz intizamlı oynasaq, sonadək diqqətli olsaq, rəqibin meydançada nə etmək istədiyini düşünsək, məncə, problem olmalı deyil. Bəli, "Ayntraxt" təcrübəlidir, özünəməxsus alman intizamı var. Buna baxmayaraq, təcrübəmiz və futbolçularımızın bugünkü hazırlığını da nəzərə almaqla, inanıram ki, əvvəlkilərdən daha yaxşı oynasaq, uğurlu nəticə əldə edə bilərik. Amma həqiqətən də bizim üçün sürpriz oldu, fikirlərimiz bir qədər qarışdı.
- Rəqib Bakıya sabah gələcək və oyuna burada məşq etmədən çıxacaq. Daha əvvəl İngiltərənin "Çelsi" komandası da belə etmişdi və məğlubiyyətdən xilas olaraq, heç-heçə ilə kifayətlənmişdi. Bu hal "Qarabağ" üçün üstünlük ola bilərmi
- Məncə, elə də əhəmiyyət kəsb etmir. Biz də belə hallarla üzləşmişik, bizim də bu cür proqramla oyuna getdiyimiz hallar olub. Sadəcə, öz proqramlarına uyğun olaraq, belə qərar veriblər. İnanmıram ki, elə də əhəmiyyəti olsun. Xüsusən, belə bir oyunda və belə bir durumda.
- "Ayntraxt"ın yeni məşqçisi Aleksander Mayer 2022/2023 mövsümündə Avropa Liqasının pley-off oyunlarında “Qarabağ”a üst-üstə 3 qol vurmuşdu. Bu, sizin üçün xüsusi önəm kəsb edirmi?
- Əminliklə deyə bilərəm ki, indi bizə qol vura bilməyəcək (gülür - red.). Sadəcə, tanış simadır. Əlbəttə, görmək çox xoş olardı.
- Hava şəraitinin oyuna təsiri ola bilərmi?
- Normaldır, əvvəllər də belə hallar olub. Hər cür hava şəraitdə meydançada intizamlı oynamağı bacarmalıyıq. Çünki futbol buna görə sevilir ki, istənilən hava şəraitində oyunlar keçirilir. Çox nadir hallarda qarşılaşmalar təxirə salınır. Amma inanıram ki, hava şəraiti hər iki komanda üçün eyni olacaq. Elə də təsiri olmalı deyil.
- Bir aylıq qış fasiləsinin sizin üçün hansı müsbət və mənfi tərəfləri var?
- Ümumiyyətlə, bizim üçün çox müsbət haldır. İstirahətə çox ehtiyacımız var idi. Fasilə avrokuboklarda iştirak etməyən komandalara bəlkə də mane ola bilər. Amma bizə yalnız faydası oldu, futbolçularımızın yorğunluğunu azalda, bəzilərinin mikrozədələrini bərpa edə bildik. Bir neçə oyunda öz optimal formamızdan uzaq olmağımız mümkündür. Amma Çempionlar Liqası və daxili yarışlarda qarşıdakı uzun marafonumuza baxsaq, bizə yalnız faydası oldu. Digər komandalar üçün isə deyə bilmərəm.
- Qış transferi olacaqmı? Olmayacaqsa, keçidin alınmamasına səbəb nə oldu?
- Gözlənti çoxdur. Hər hansı maneə olmasa, alınmalıdır. Danışıqlarımız yenə davam edir.
- Daha bir yoxlama oyunu keçirə bilməməyinizin səbəbi nə idi?
- Sadəcə, vaxt azlığı.
- Ötən tur Niderland "Ayaks"ı Bakıya xalsız gəlmişdi və komandanızda rahatlıq hiss olunurdu. Yenə də oxşar haldır, "Aytraxt"a yeni baş məşqçi hələ təyin olunmayıb. Ona görə də futbolçularla arxayınçılıq hiss etməmələri üçün söhbət aparmısınız?
- Ümumiyyətlə, Çempionlar Liqasının çəkisi çox ağırdır. Əsl futbol burada oynanılır. Böyük futbol dedikdə bunu başa düşürük. Rəqibin probleminin olması fikrini qəbul etmirəm. Onların yüz ilədək tarixi var, köklü klublardandır. Bir-iki futbolçusunun olmaması və ya baş məşqçi dəyişikliyi belə oyunlarda onlara heç bir təsir göstərmir. Əksinə, əlavə motivasiya verir. Onların seçimləri çoxdur. İstənilən oyunçunu ondan da yaxşı əvəzləyə biləcək futbolçuları var. Sadəcə, bəzi fikirlər olur. Sanki biz zəif komandaya qalib gələ bilmədik. Belə fikirlər, əlbəttə, futbolçulara təsir edə bilər. Amma buna baxmayaraq, bəli, futbolçularla danışığımız olur. Biz komandanın gücünü bilməli, komandaya böyük dəyər verməli və ona uyğun öz oyunumuzu qurmalıyıq. Bu gün də düşünmürəm ki, rəqib düşərgədə hansısa problem var. Sadəcə, bu, işin gedişatıdır və illər boyu təkrarlanır. İstər bizim, istərsə də digər ölkələrin çempionatları olsun, belə halların tez-tez şahidi olmuşuq. Onlar buna hazırdırlar. Klubu təkcə bir nəfər idarə etmir. Onlar illərboyu elə bir sistem qurublar ki, belə hallara uyğun da addım atırlar. Onlar bilirlər ki, nəyi nə vaxt etmək lazımdır. Amma əsas məsələ budur ki, biz bir cür hazırlaşdıq, amma qarşımızda fərqli rəqib görəcəyik. Ona görə də mən illərboyu istəmişəm ki, belə hallarda hansısa problemimizin olmaması üçün öz oyunumuzu sərgiləyərək, öz bacarığımızı ortaya qoyaraq qalib gələk. Antalyada bir həftə olsaq da, hazırlıq planımızda oradakı hazırlığı, oradakı düşüncələri və oradakı əminliyi sabah meydançada göstərə bilsək, yaxşı nəticə əldə etmək gücündəyik. Rəqib Bundesliqa komandasıdır, onları yüksək qiymətləndiririk. Amma əlimizdə şans varsa, niyə bundan istifadə etməyək? Biz, sadəcə, bu fikirlə oyuna fokuslanacağıq. Biz çoxlu fikir səsləndirə bilərik, amma meydançada bunları həyata keçirənlər mənim futbolçularım, mənim döyüşçülərimdır. Onlar əlimizdəki şansdan maksimum istifadə etməliyik düşüncəsi ilə bu oyuna tam fokuslansalar, inanıram ki, sabah yaxşı oyun göstərəcəyik və siz də ağıllı, yaxşı texnikalı matça baxa biləcəksiniz. Futbolçularımı buna fokuslamışam ki, öz oyunumuzu sərgiləyərək az qalib gələk, amma öz oyunumuzla qələbə qazanaq. Bu cür davam etsək, qarşıdakı dövrdə bu tempi qoruyub saxlasaq, 3 yox, 5 qalibiyyətimiz olacaq, 5 yox, daha artığı olacaq. Ona görə də futbolçularımla danışıqlarımda fikrim bu cürdür.
- "Ayaks"la oyunda Coni Montiel meydançada olduğu qısa müddətdə öz texnikasını ortaya qoydu. Qış fasiləsində onunla daha çox işləmək imkanınız oldu. Sabahkı oyunda forma geyinmə şanslarını nə qədər qiymətləndirirsiniz?
- Bəli, xeyli vaxt futboldan uzaq qalmışdı. Bu gün ümumi durumu pis deyil. Amma necə deyim, futbolçu elə bir məxluqdur ki, ondan nə vaxt soruşsan, deyəcək ki, optimal formadayam, hazıram, istənilən matda 90 dəqiqə oynaya bilərəm. Hətta bir aylıq fasilədən sonra bir-iki gün məşq etdikdən sonra da oynamağa qadir olduğunu deyəcək. Amma reallığa baxsaq, gələndən bəri çox əziyyət çəkib. Həm ümumi hazırlığında problem var idi, həm də sonradan məşq vaxtı zədə aldı və bu da oyun təcrübəsinə təsirsiz ötüşmədi. Ümumən, öz işinə peşəkarcasına yanaşdı. Bu gün ondan razıyam, amma hələ də tam hazır hesab etmirəm. Baxmayaraq ki, məşqlərdə və yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərir. Hələ mən onu tam hazır görmürəm, çünki bir ildən çox futbol oynamayıb. Özünün 28 yaşı olsa da, istər-istəməz gərgin, dinamik və məsuliyyətli qarşılaşmalarda daha çox oyun təcrübəsinə ehtiyac var. Lakin bugünkü hazırlığından razıyam. İnanıram ki, bu cür davam etsə, daha yaxşı ola bilər və mən də baş məşqçi kimi onu daha yaxşı səviyyəyə gətirməyə çalışacağam.
- Çempionlar Liqasındakı gərginlik "Qarabağ"a Azərbaycan Premyer Liqasına və ölkə kubokuna köklənməyə mane ola bilər?
- Ümumən təsiri olur. Özünüz də şahidi olmusunuz ki, bəzən belə oyunlardan sonra xal itkilərimiz çox olub. Bu, təkcə bizdə yox, Avropada belədi. Amma illərdir ki, çempionatda yerimizi qoruyub saxlaya bilmişik. Digər ölkələrə baxsaq, bir çox problemlər olur. Hətta elə ölkələrin çempionları var ki, bu turnirdən sonra öz daxili liqalarında 7 - 12-ci yerlərdə gedirlər, çoxlu xal itkisi ilə üzləşirlər. Bəli, bizə maneçiliyi var. Çünki istər-istəməz fikrimiz Çempionlar Liqasının gərgin keçən oyunlarında olur. Amma müvəqqəti olur, sonradan yenə köklənə bilirik. Sadəcə, həm yorğunluq, həm də psixoloji gərginlik çempionatdakı oyunlara maneçilik törədir. Biz bunu illərdir davam edə-edə gəlirik və pis alınmır. Amma get-gedə futbol elə bir səviyyəyə gəlib çatır ki, əvvəlki illərdən daha çox güc sərf edirik, psixoloji baxımdan daha çox yoruluruq, oyunlarda daha çox enerji itiririk. Çətin olsa da, bu, bizim işimizdir. Eyni səviyyədə qalmağa çalışmalıyıq. Bunun üçün 11 yox, 22-23 futbolçumuz var. Belə oyunlarda və belə anlarda digər futbolçuların üzərinə daha böyük məsuliyyət düşür. Onlar da bunu anlayırlar və illərdir bunu belə qoruyub saxlaya biliblər. Bəzən üzdə olan futbolçularımızın komanda üçün faydası görünür. Amma “ikinci heyət” adlandırılan futbolçuların etdikləri digərlərinin etdiklərindən daha faydalı olur. Çünki o tempi qoruyub saxlaya, çempionat matçlarında qalib gələ bilməsək, növbəti mövsüm avropakuboklarda iştirak edə bilmərik. Ona görə də belə bir çətinliyimiz var, amma sağ olsun futbolçularım, bunu bacarırlar və hələ də bu tempi qoruyub saxlaya bilirik. Əlbəttə, gözlənilməz məğlubiyyətlər olur. Bu da futbolun qaçılmaz hissəsidir. İnanıram ki, bizi qarşıda həm Çempionlar Liqası, həm Azərbaycan Premyer Liqası, həm də ölkə kubokunda maraqlı görüşlər gözləyir.
Haşım MƏMMƏDOV














































































