"Bu gün 20 yanvardır. Bilirəm ki, ölkə üçün həm önəmli, həm də kədərli gündür. 36 il öncə xeyli insan müstəqillik üçün küçələrə axışmışdı. Bir çox insan həyatını qurban verdi. Allah onlara rəhmət eləsin".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Pedro Bikalyo evdə Almaniya "Antraxt"ına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçından əvvəl mətbuat konfransında deyib.
Braziliyalı yarımmüdafiəçi çox önəmli oyuna çıxacaqlarını bildirib: "Türkiyədə qısamüddətli hazırlığımız oldu. Bu, bizim üçün çox önəmli idi. İnanır və ümid edirəm ki, sabahkı oyunda Antalya toplanışında üzərində işlədiklərimizi həyata keçirə biləcəyik".
O, "Ayntaxt"a qarşı görüşü öz karyerası üçün əhəmiyyətli hesab etdiyini vurğulayıb: "Əminliklə deyə bilərəm ki, bəli. Turnirin nəhəngliyini və oyunun vacibliyini nəzərə alsaq, doğrudan da çox önəmlidir. Qalib gələcəyimiz halda, nələr olacağını təsəvvür edirsiniz. Bu səbəbdən, deyə bilərəm ki, karyeramda çox önəmli qarşılaşmadır".
25 yaşlı oyunçu ilk turun Portuqaliyada "Benfika"ya qarşı matçının ən yaxşı futbolçusu seçilib. "Sambaçı" yenə belə bir məqsədinin olmadığını diqqətə çatdırıb: "Əsas məsələ komandamın qalibiyyətidir. Oyundan sonra kim seçiləcəksə, bu, artıq başqa məsələdir. Belə bir məqsədim yoxdur".











































































