Almaniyanın “Ayntraxt” komandasının müvəqqəti baş məşqçisi Dennis Şmitt "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçından öncə mətbuat konfransında fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı mütəxəssis komandanın hazırlıq prosesi, heyətdəki durum və oyun planı barədə açıqlama verib.
O, əvvəlcə sabiq baş məşqçi Dino Toppmöllerin əməyinə hörmətlə yanaşdıqlarını bildirib: “Toppmöllerə və onun məşqçilər heyətinə böyük hörmətimiz var. Onların gördüyü işləri yüksək qiymətləndiririk”.
Şmitt qeyd edib ki, artıq bütün diqqət qarşıdakı səfərə yönəlib: “Komandaya mesaj aydın idi: bundan sonra bütün diqqət Bakıya yönəlməlidir! Biz "Ayntraxt"ıq və geri çəkilmək niyyətində deyilik. Vahid, kompakt və aqressiv komanda kimi çıxış edəcəyik. Çünki sabah bizi çox böyük, çox böyük bir fürsət gözləyir. Gələn həftə evdə keçiriləcək son qarşılaşmamızda pley-offa vəsiqə qazanma şansımız var. Futbolçular isə buna tam kökləniblər”.
Bundesliqa təmsilçisi 6 oyundan sonra cəmi 4 xal toplayıb. Növbəti mərhələyə yüksəlmə şanslarını qorumaq üçün “Ayntraxt” Bakıda mütləq qələbə qazanmalı, yanvarın 28-də isə qrup mərhələsinin son turunda İngiltərə “Tottenhem”inə qarşı oyunda uğurlu nəticə əldə etməlidir.
Baş məşqçi ilk məşq günlərindən razı qaldığını söyləyib: “Bazar ertəsi və çərşənbə axşamı çox intensiv çalışdıq. Futbolçular özlərinə inamlıdırlar, üzləri gülür və Bakıya yaxşı əhval-ruhiyyə ilə yollanırıq. Düşünürəm ki, ciddi irəliləyiş əldə etmişik”.
Heyətlə bağlı vəziyyətə də aydınlıq gətirən Şmitt qapıçı seçimini açıqlayıb: “Üç yaxşı qapıçımız var, lakin qapıda Kaua Santos olacaq. Müdafiəçi Rasmus Kristensen burnundan yüngül zədə alıb, lakin maska ilə oynamağa hazırdır”.
Oyun fəlsəfəsinə toxunan mütəxəssis əsas hədəfi belə izah edib: “Daha kompakt oynamağa, xətlər arasındakı məsafəni azaltmağa çalışacağıq. Sistem önəmli deyil. Əsas məsələ topsuz oyunda cəsarətli və proaktiv davranmaq, rəqibi daim gərginlikdə saxlamaqdır”.












































































