"Hava şəraiti və stadionun vəziyyəti yaxşı oyun göstərməyə imkan vermədi. Yaxşı oyun nümayiş etdirməyə çalışdıq. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Oyuna nəzarət edirdik. Futbol belədir ki, qol vurmayanda sənə qol vururlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Qubada "İmişli" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Qapıda Tərlan Əhmədliyə şans verməyinizin səbəbi nə idi?
- Oyunçulara baxırıq. Ən yaxşı variantı yoxlamağa çalışırıq. Elə futbolçular var ki, verilən tapşırıqları daha tez yerinə yetirirlər.
- 60-cı dəqiqədən sonra üstünlük rəqibə keçdi. Əvəzetmələrə gecikdiyinizi düşünmürsüz?
- Bu vəziyyətdə olan meydançada oyuna nəzarət etməyə çalışdıq. Bəzən 90 dəqiqə dominant oynaya bilmirsən. Bu, bizim səhvlərimizdən oldu.
- Karyeranız ərzində bundan pis meydança görmüsüz?
- "İmişli" də eyni şərtlərdə oynayırdı. Belə vəziyyətdə komanda gücünü göstərməlidir. Ukraynada da bele stadionlar olub.
- Start heyətində azərbaycanlı futbolçular çox idi. Bu, məcburiyyətdən atılmış addım idi?
- Mən futbolçuları yerli və legionerlərə ayırmıram. 20 oyunçumuz var. Kim məşqlərdə daha yaxşı olacaqsa, o da oynayacaq. Vacib olanı nəticə qazanmaqdır.
















































































