Rusiyanın tanınmış sabiq futbolçusu Maksim Demenko Azərbaycan təmsilçisi “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda pley-offa yüksəlmə şanslarını dəyərləndirib.
Sportnet.az xəbər verir ki, vaxtilə “Zenit” və “Spartak” kimi klublarda, eləcə də Rusiya millisində çıxış etmiş Demenko bu barədə “Gazeta.Ru”ya açıqlama verib.
“Mən də futbolçu olmuşam və uşaqları çox yaxşı başa düşürəm. Əlbəttə, onlar mərhələ keçmək və qalib gəlmək istəyir. Amma aydındır ki, son turda rəqib "Liverpul"dur… Bilmirəm, "Qarabağ"ın orada xal qazanması üçün nə baş verməlidir. Üstəlik, oyun Liverpulda, onun əfsanəvi stadionunda keçirilir. Bu, çox çətindir. Amma yenə də ümid edək ki, uğur "Qarabağ"dan yana olacaq. Hər halda, bu komanda Çempionlar Liqasında böyük sürpriz etdi. Açığı, bu kollektivdən heç kim belə nəticə gözləmirdi”, – deyə Demenko bildirib.
Qeyd edək ki, “Qarabağ” 7 turdan sonra 36 komanda arasında 18-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi 10 xal toplayıb və pley-off zonasından kənarda qalan ən yaxın rəqiblərini 2 xal qabaqlayır.
Azərbaycan çempionu son turda İngiltərədə “Liverpul”un qonağı olacaq. Bununla belə, “Qarabağ” məğlubiyyət halında belə digər oyunların nəticəsindən asılı olaraq pley-off mərhələsinə yüksəlmək şanslarını qoruyur.













































































