“Qarabağ”ın futbolçusu Abdullah Zubir komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı və pley-off mərhələsində mümkün rəqiblər barədə fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, fransalı yarımmüdafiəçi İngiltərədə "Liverpul"la VIII tur matçının nəticəsindən tam razı qalmadıqlarını etiraf edib.
“Ümumilikdə razıyıq, amma 0:6 hesabı ilə məğlub olmuşuq. Bu səbəbdən, hər şey ideal deyil”, - deyən kapitan növbəti raundda qarşılaşmaq istədiyi kollektivlərə də toxunub. Zubir həmyerlilərinin komandasına qarşı oynamağın onun üçün xüsusi olacağını bildirib: “Mən fransalıyam və növbəti mərhələdə PSJ ilə oynamaq istərdim. Baxmayaraq ki, onlar hazırda dünyanın ən yaxşı komandasıdır. Digər variant isə İngiltərə "Nyukasl"ıdır. Onlarla oyun da asan olmaz”.
29 yaşlı hücumçu Çempionlar Liqasındakı ən yaddaqalan anlarını da xatırladıb: “Mənim üçün ən sevdiyim məqamlar "Benfika" və "Ayntraxt" üzərində qələbələr idi. Hər iki oyunda geridönüş edib son dəqiqələrdə qol vurduq. Bu, fantastik hiss idi”.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü yanvarın 30-da atılacaq.











































































