Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun gününün qarşılaşmaları bölgələrdə keçiriləcək.
Açılış oyunu Yevlax şəhər stadionunda "Karvan-Yevlax" və "Sumqayıt" arasında olacaq. Hər iki komanda ötən turu məğlubiyyətlə başa vurub. "Karvan-Yevlax" səfərdə "Sabah"a 1:4, "Sumqayıt" "Turan Tovuz"a 1:2 hesabı ilə uduzub.
17 turdan sonra debütant 6 xalla 12-ci, "gənclik şəhəri" təmsilçisi 27 xalla 5-ci pillədə qərarlaşıb. Komandaların yeganə oyununda hər iki komanda qol vurub. I dövrədə Sumqayıtın eyniadlı klubu böyükhesablı qələbə qazanıb - 4:1.
Günün digər qarşılaşmasında isə "Qəbələ" daha bir debütant "İmişli"ni qəbul edəcək. 17 turdan sonra Kaxaber Tsxadadzenin baş məşqçi olduğu kollektiv 12 xalla 10-cu, Jorj Kaşkilyanın komandası isə 18 xalla 9-cu yerdə gedir. Ötən tur səfərdə "Şamaxı"nı 4:0 hesabı ilə darmadağın etmiş "qırmızı-qaralar" yaxşı formada olduğunu nümayiş etdirib. Aranlıların "Araz-Naxçıvan"la görüşündə də 4 qol vurulub, amma hesab bərabər olub - 2:2.
"İmişli" və "Qəbələ"nin I dövrəyə təsadüf etmiş yeganə qarşılaşmasında qalib müəyyənləşməyib. Məhsuldar görüşdə hər iki komanda qol sevinci yaşayıb - 2:2.
Azərbaycan Premyer Liqası, XVIII tur
30 yanvar (cümə)
14:30. “Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu
17:00. “Qəbələ” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun qalan oyunları 31 yanvar - 1 fevralda keçiriləcək.








































































