"Çox vacib matç idi. Qalib gəlsək də, oyundan tam razı deyiləm. Bəzi məqamlarda ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələri zamanı çoxlu səhvlərimiz oldu. Bunun nəticəsində müəyyən problemlər yaşadıq. Bu problemləri aradan qaldırmaq lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç səfərdə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra serbiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Nihad Orucəli bu gün Premyer Liqada debüt etdi. Onun performansını necə dəyərləndirirsiniz?
- Təlim-məşq toplanışına kifayət qədər gənc futbolçu aparmışdıq. Sevindirici haldır ki, bu gün Nihada şans verdik. Döyüşdü, mübarizə apardı. Məncə, qənaətbəxş performans göstərdi.
- Pedro Pinto ilə yolların ayrılmasının səbəbi nədir?
- Bu, futboldur, belə şeylərin olması normaldır. Ona təklif gəldi və dəyərləndirdi. Pedronun mövqeyində oynada biləcəyimiz futbolçular var.
- İlk hissədə "Sumqayıt" üstün oynadı. İkinci yarıda isə oyun bərabər getdi. Bu, sizin tapşırığınız idi?
- Əvvəl də qeyd etdim ki, bu, bizim səhvlərimizdən irəli gələn bir şey idi. Ötürmələrdə səhvlər çox oldu. Buna görə də oyunun tempi aşağı düşdü.
- "Zirə" ilə həm kubokda, həm də çempionatda qarşılaşacaqsınız. Heyətdə rotasiyalar edəcəksiniz?
- Hər iki oyun bizim üçün çox vacibdir. Amma indi dəqiq fikir deyə bilmərəm. Hələ kifayət qədər vaxt var. Zədələr ola bilər.













































































