“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğuru olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib.
54 yaşlı mütəxəssis bildirib ki, növbəti mərhələdə qarşılaşacaqları İngiltərənin "Nyukasl" komandası əsas mərhələsinin son turunda Fransa PSJ-si ilə 1:1 hesablı heç-heçə etdiyindən, hər iki komandanın gücünü təxminən eyni saymaq olar.
Qurbanovun fikrincə, İngiltərə Premyer Liqasının klubuna qarşı oynamaq həmişə əlavə güc tələb edir: "Nyukasl" çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”.
Qeyd edək ki, "Qarabağ" ilk oyunu 17-18 fevralda evdə, cavab görüşünü 24-25 fevralda səfərdə keçirəcək.











































































