"Komandamın oyunundan razı qalmadım".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Qəbələ"yə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis məğlubiyyəti buraxdıqları səhvlərlə əlaqələndirib: "Rəqibi təhlil etmişdik. Bilirdik ki, onların sürətli oyunçuları var və uzun ötürmələrə üstünlük verirlər. Səhvlərimiz çox olduğu üçün məğlub olduq. "Qəbələ" kimi komanda ilə matçda bu cür səhvlər buraxmaq olmaz. Mövqeyimizi çətinləşdirdik. Buradan xalla ayrılmalı idik. Növbəti oyuna hazırlaşmalıyıq. "Kəpəz"ə qarşı daha yaxşı oyun göstərməyə çalışacağıq".
Kaşkilya son 7 matçda qələbə qazana bilməmələrinin fərqli səbəblərlə əlaqələndirib: "Qələbə qazana bilməsək də, böyük rəqiblərlə matçlarda xal almışıq. Fərqli səbəblər var. Heyətimiz geniş olmadığı üçün çətinliklər olur. Hər oyun bizim üçün önəmlidir. Xallar toplamaq lazımdır".
Baş məşqçi Ezekiel Morqan və Yau Mozesin olmamasının da özünü göstərdiyini vurğulayıb: "İki vacib futbolçunun olmaması özünü göstərir. Yarımmüdafiədə boşluqlar var idi. İstədiyimiz dərin ötürmələri edə bilmirdik. Əlimizdə olan heyətlə bacardığımızı etdik. Cəzalar da futbolun bir hissəsidir".










































































