"Futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması, davranışları möhtəşəm idi. Nə planlaşdırmışdıqsa, hamısını meydanda icra edə bildik. Çox gözəl performans sərgilədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, oyunun taleyi artıq birinci hissədə həll olunub: "İlk yarıda daha çox qol vura bilərdik. Onu da qeyd edim ki, "Zirə" həqiqətən də möhtəşəm komandadır. Biz hesabda 2:0 öndə olan zaman rəqibin yaxşı qol fürsətləri oldu. İkinci hissədə balanslaşdırılmış oyun oldu. Rəqib üzərimizə gəlməyə başladı. Son ötürmələrimizdə çatışmazlıqlar var idi. Artıq bütün bunları unuduruq. Çünki qarşıdan çox çətin həftə gəlir. Üç çətin oyunumuz var".
Dambrauskas daha çox öz komandası ilə məşğul olduğunu vurğulayıb. Onun fikrincə, "Qarabağ"ın Çempionlar Liqasında daha çox irəliləməsinin "Sabah"ın çempionluq mübarizəsinə müsbət təsir edəcəyini düşünməyə vaxtları yoxdur: "Onların Avropadakı performansı çox yaxşıdır. "Qarabağ"i təbrik edir, uğurlar arzulayıram. Avropada Azərbaycan adı çəkiləndə ilk növbədə, "Qarabağ" yada düşür. Onlar Azərbaycanı çox yaxşı təmsil edirlər".












































































