Azərbaycanın veteran futbolçusu, hazırda ABŞ-də məşqçi kimi çalışan Nicat Qurbanovun Sportnet.az-a müsahibəsi
- Okeanın o tayından Azərbaycan futbolu necə görünür?
- 2,5 ildir buradayam. Çempionatı da izləyirəm, ölkə futbolunda baş verənlərdən də məlumatlıyam. Azərbaycanda 20 ilədək futbol oynamışam. Uşaqlıq futbolunu da bura gəlirəm. Azərbaycan futbolu barədə dost-tanışlardan da maraqlanır, imkan olduqca, oyunları televiziya vasitəsilə canlı izləyirəm. ABŞ ilə Azərbaycan arasında saat fərqi çoxdur deyə, Premyer Liqa qarşılaşmalarının hamısına baxmağı çatdırmıram. Amma icmallara baxıram. Legioner limitinin ləğvi barədə xeyli fikir səsləndirilib. Hazırda klublarda çoxlu legioner var, yerlilər isə az oynayırlar. Azərbaycanlı futbolçuların klublarda oynamamalarının təsirini gələcəkdə milli komandada da hiss edəcəyik. Oyun praktikasının olmaması yığmaya çox ciddi təsir göstərir. Çempionatın səviyyəsinin qalxdığını deyirlər. Amma bu mövsüm "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinə düşməsinin limitə heç bir aidiyyəti yox idi. Çünki limitin ləğvi barədə qərar cari mövsümün əvvəlindən tətbiq olunub. Digər tərəfdən, "Sabah" komandasının güclənməsi də baş verib. Bu klub çox keyfiyyətli futbolçular transfer edib və doğrudan da çox möhtəşəm oynayır. "Qarabağ"da bir qədər eniş nəzərə çarpır. Bu, həm də yorğunluqla əlaqədar ola bilər. Komanda Çempionlar Liqası, Azərbaycan Kuboku və Premyer Liqada mübarizəni davam etdirir. Ona görə də oyun baxımından eniş var. Futbolçularının fiziki durumu elə də yaxşı deyil və bu, çempionatda özünü çox göstərir. Əvvəllər "Qarabağ" ikinci heyətlə çıxıb rahat oynaya bilirdisə, bu mövsüm belə deyil, onun əziyyətini çəkir. "Zirə"də də eniş görünür. Ümumilikdə futbolun durumunu desək, limitin ləğvi ən çox "Sabah"a yaxşı mənada təsir edib.
- Limit olsaydı, "Sabah" indiki mövqeyində ola bilməzdi?
- Onsuz da "Sabah" bir neçə mövsümdür çempionluq uğrunda mübarizə aparır. Əlbəttə, o büdcə və yatırılan pulların qarşılığında klub nəinki çempionluq, hətta deyərdim ki, avrokubokların əsas mərhələsinə vəsiqə üçün oynamalıdır. Çünki keyfiyyət, şərait, futbolçular və məşqçilər yaxşı səviyyədədir. Bunların qarşılığında onların önünə daha yüksək məqsədlər qoyulmalıdır. Bura çempionluq və əsas mərhələyə vəsiqə də daxildir. Vaxtilə "Qəbələ"də olan maddi imkanlar bu gün, demək olar ki, "Sabah"dadır. Əlbəttə, bunun nəticəsi olmalıdır, pullar havaya getməli deyil. Yəni, "Sabah" limit olsa da çempionluğa oynayıb, olmasa da. Çünki o büdcə bunu tələb edir.
- Keçmiş klublarınızdan "Kəpəz"in durumunu necə dəyərləndirirsiniz?
- "Kəpəz" futbolumuzun yaralı yeridir. Gəncədən həmişə futbolçular çıxıb. Bu gün orada akademiya fəaliyyətə başlayıb. Düşünürəm ki, bunun bəhrəsini bir neçə ildən sonra görəcəyik. O potensiallı uşaqlar bir neçə ildən sonra böyüyərək, əsas komandalara cəlb olunacaqlar. Hətta indi də baş məşqçi Azər Bağırov oradan oyunçuları cəlb edir, əsas komandanın oyunlarına buraxır. Düzdür, adları tam yadımda deyil, amma məlumatım var, oxuyuram ki, "Kəpəz" akademiya uşaqlarından da yararlanır. Əlbəttə, futbol maddiyyata bağlı idman növüdür. Yaxşı imkanın, sponsorun, gəlirin varsa, yaxşı futbolçuların da olacaq. Bu gün "Kəpəz"in gəlirləri, sponsoru o səviyyədə deyil ki, klub daha yüksək yerlər uğrunda mübarizə apara bilsin. Çünki rəqabət iki yerə bölünüb. Kimin büdcəsi varsa, yaxşı futbolçular transfer edərək yüksək yerlər, kimin büdcəsi daha aşağıdırsa, Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Aşağı büdcəlilər sırasında "Kəpəz", "Karvan-Yevlax" və "İmişli" də var. "Qəbələ" isə qış fasiləsindən sonra tam fərqli oyun göstərir - mən çox bəyənirəm. Komanda hazırda relsə düşüb və düzgün gedir. Büdcə məsələsi futbolda çox önəmli amildir və "Kəpəz"in bundan əziyyət çəkdiyi açıq-aydın görünür.
- Bəs Azərbaycan milli komandası barədə nə düşünürsünüz?
- Açığı, Ayxan Abbasovun baş məşqçi postuna gəlişindən sonra komandada döyüşkənlik, istək var. Görünür ki, futbolçular oyunlar zamanı milli dəyərlərə daha çox üstünlük verirlər. Bu, önəmli haldır, Fernandu Santuşun vaxtında yox idi. Hamı Santuşu tənqid edirdi və AFFA onu yola salmaqla, düzgün qərar qəbul etdi. O insan milliyə xeyir verə bilmirdi. Milliyə faydalı olmaq üçün milli mentaliteti də başa düşmək lazımdır. Ayxan müəllim bunları yoluna qoya bildi. Oyun məsələsinə gəldikdə, qeyd etdiyim kimi, legioner limitinin ləğvi futbolçularımıza çox pis təsir edib. Adicə misal gətirim: Hazırda "Sabah"da yalnız Xəyal Əliyev start heyətində çıxış edir. Digər yerlilərdən Rəhman Daşdəmirov mövsümün əvvəllərində start heyətinə düşürdü, indi isə müntəzəm oynamır. Aleksey İsayevin komandaya qayıdışından sonra Abdulax Xaybulayev də "11-lik"də yoxdur. Halbuki bu futbolçular millidə əsas heyətdə oynayırdılar. Bu gün klublarında oynamayan futbolçunun millidə fiziki durumu necə olacaq? Bu, mütləq yığmanın oyununa təsirini göstərəcək. 30 dəqiqə lazımi səviyyədə çıxış edəcək, qalan 60 dəqiqəni məcburən keçirəcək. Çünki başqa seçim olmayacaq. Klubların heyətlərində yerli futbolçular çox az oynayırlar və bu, milliyə çox ciddi təsir edəcək. Əlbəttə, limitin ləğvi düzgün qərar deyil. Əsas heyətdə ən azı 4 yerli futbolçu oynamalıdır. Klubları fikirləşiriksə, millini də düşünməliyik. Nə dərəcədə xeyirli olacağını zaman göstərəcək. Təki uğurlu olsun. Tənqid etməyimizə baxmayaraq, milli komanda qürur mənbəyimizdir.
- Yığma bu il UEFA Millətlər Liqasının D Liqasında mübarizə aparacaq. Sizcə, C Liqasına qayıtmaq mümkün olacaqmı?
- Rəqiblər Lixtenşteyn və Litvadır. Düşünürəm ki, şans var. Ayxan Abbasovun rəhbərliyi altında mən də oynamışam. Onun komandaya verdiyi motivasiya, kollektivi hazırlaması çox yüksək səviyyədədir. Təki qələbələr olsun, istəyimizə nail olaq. Lakin biz Avropa və dünya çempionatlarında, Millətlər Liqasında uğurla çıxış etməyi düşünürüksə, futbolçular oyunlara hazır olmalıdırlar. Oynamayan futbolçularla hazırlıqlı olmaq çətin məsələdir.
- Sizin futbol oynadığınız dövrlərdə yığmada milli ruh və qürur məsələləri hansı səviyyədə idi?
- Robert Prosineçki baş məşqçi olduğu 2014 - 2017-ci illərdə futbolçularla elə münasibətdə idi ki, yığma milli ruh bir tərəfə, qəşəng futbol oynayırdı. Düzdür, yüksək nəticələr göstərə bilmirdik. Lakin Nikola Yurçeviçin dönəmi ilə müqayisədə yerlə göy qədər fərq var idi. Yurçeviç hara, Prosineçki hara?! Əlbəttə, əvvəllər komandada Rəşad Sadıqov, Əfran İsmayılov, Vaqif Cavadov kimi futbolçular doğrudan da fərq yarada bilirdilər. Onlar öz klublarında da liderlərdən idilər. Ona görə də düşünürəm ki, əvvəlki yerlilər daha təcrübəli, oyun baxımından rahat idilər. İndiki komandada isə mən belə düşünürəm ki, lider çatmır. Komandanı öz arxasınca aparan, yoldaşlarını lazım gələndə sakitləşdirən, lazım gələndə komandanın ritmini qaldırıb-endirən, kollektivə dəstək olan futbolçu meydançada görünmür. Ad olaraq, yaxşı futbolçular var, amma liderlik baxımından problemlər mövcuddur. Hazırda - Ayxan müəllimin vaxtında vəziyyət bir qədər fərqlidir, istəyin olduğu görünür. İstək və mübarizə olan yerdə nəticə də olur. Biz bunu futbolda zəif komandaların güclüləri məğlub etməsinin timsalında görürük. Elə Çempionlar Liqasında Norveç "Budö Qlimt"inin İspaniyada "Atletiko Madrid"i və İtaliyada "İnter"i 2:1 hesabı ilə məğlub etməsini, möhtəşəm futbol göstərməsini də misal gətirmək olar. Yəni, istəkdən və düzgün sistemdən çox şey asılıdır.
- Hazırda millidə liderin olmaması barədə fikirlər çox səslənir və hər dəfə də oxlar hazırkı kapitan Emin Mahmudova yönəlir. Doğrudanmı Mahmudovda belə bir xüsusiyyət yoxdur?
- Ümumiyyətlə, Emin Mahmudov çox keyfiyyətli və Azərbaycan çempionatı üçün çox möhtəşəm futbolçudur, həm "Neftçi"nin, həm də millinin kapitanıdır. Lakin liderlik dedikdə xarakterdən söhbət gedir. Hazırda Emin öz mövqeyində ən yaxşı oyunçudur. Bu, aydın məsələdir. Xarakter baxımından dedikdə, o anlama gəlməməlidir ki, qaçmır, can qoymur. Sadəcə, meydançada da görünür ki, bu futbolçu öz oyununa köklənib və komandaya da bu cür xeyir verir. Müqayisə etsək, Rəşad Sadıqovun performansı və millini idarə etməsi kimi keyfiyyətlər, o liderlik Mahmudovda yoxdur. Lakin futbol baxımından düşünürəm ki, Emin əlindən gələni artıqlaması ilə edir. Hazırda da yaxşı formadadır, komandası da, özü də möhtəşəm oyun sərgiləyir, hər bir matçda qol və məhsuldar ötürmə müəllifi olur. Düşünürəm ki, bu templə milliyə də daha çox xeyir verəcək.
- Bəs Mahir Emrelidə?
- Emrelidə heç vaxt liderlik keyfiyyətləri olmayıb. Bu gün Mahir hələ formada deyil. Ümid edirəm ki, tezliklə formaya düşəcək və milliyə də xeyir verəcək. Amma Emreli yalnız öz oyununu göstərib və hər bir futbolçu kimi, baş məşqçinin tapşırıqlarını yerinə yetirib. Rəşad Sadıqov, Ruslan Abışov kimi futbolçuların millidə xarakter baxımından liderlikləri var idi və bunu meydançada da görürdük.
- Xarakter dedikdə, komanda yoldaşlarına qarşı tələbkarlığı da nəzərdə tutursunuz?
- Bəli. Emin daha çox mülayim idi. Əlbəttə, fikrini deyə bilər, amma oyunda elə anlar olur ki, aqressivləşmək, komanda yoldaşlarını "oyatmaq", yeri gəlsə, qışqırmaq lazım gəlir. Bunlar Emində yoxdur. Hamı bilir ki, hər bir futbolçu səhv edə bilər. Mahmudovda komanda yoldaşlarının üstünə qışqırmaq, oyun tempini qaldırmaq xüsusiyyəti yoxdur. Belə bir hallar onda görünmür. Xarakter baxımından, əvvəlki kapitanlarla Mahmudov arasında fərq var. Amma yenə deyirəm, Emin çox möhtəşəm futbolçudur və milliyə çox böyük xeyri dəyir.
- Futbolun İnkişaf Fondundan (FİF) hazırda ABŞ-da çalışdığınız işinizə görə getdiniz?
- Açığı, FİF-ə işə düzələndə ağlımda yox idi ki, ABŞ-yə gedəcəyəm. Öz istəyimlə uzaqlaşdım. Sağ olsun Tural Piriyev, belə deyək, getməyimə icazə verdi, bunu xoş qarşıladı. Nə zamansa ABŞ-yə getmək istəyim var idi. Elə oldu ki, dəvət gəldi və mən ailəmlə birlikdə köçdüm. Hazırda buradayam, Kaliforniyada yaşayıram. "Fremont Rush" uşaq futbol klubunda məşqçi işləyirəm. U-6, U-8 və U-11 qrupum var. Həftənin dörd günü məşq, şənbə günü isə oyunlar olur. Futboldan uzaqlaşmamışam. Neçə illərimi futbola vermişəm, burada da onun faydasını görürük.
- Orada uşaqlar arasında azərbaycanlı övladları varmı?
- Azərbaycanlı uşaqlar var, sadəcə, mənim rəhbərliyim altında deyil, başqa klubda oynayırlar, potensiallıdırlar. Rəhmətlik Böyükağa Hacıyevin də nəvəsi burada oynayır. Daha bir azərbaycanlı futbolçu var - Murad Tağızadə. Ona doğrudan da ümidlər bəsləyirəm. 12 yaşı var, amma potensialı çox yüksəkdir. Ümidvaram ki, bu yolun sonunda istəyinə çatacaq.
- Yeri gəlmişkən, DÇ-2026 ilə əlaqədar hazırda ABŞ-də ajiotaj varmı?
- Kaliforniyada Latın Amerikasından olanlar çoxluq təşkil edir. Burada, demək olar ki, ispanca danışırlar və futbola ən çox sevgi bu ştatdadır. Yaşadığım San-Xose şəhərdə mundialın 6 oyunu olacaq. Hələ ki, o ajiotaj tam hiss olunmur, şəhərdə reklam bannerlərini görmürəm. Amma ABŞ gediş-gəlişi böyük olan ölkədir. Mundial ərəfəsində axın daha da çoxalacaq. Fevralın 8-də bizim şəhərdə Milli Futbol Liqasının həlledici oyunu sayılan superboul keçirildi. Ona görə də bütün diqqətlər "Nyu İnqlend Petriots" - "Sietl Sihoks" matçında idi. Amma artıq yavaş-yavaş dünya çempionatına hazırlıqlara başlayırlar. "Levi's Stadium"da 6 oyun olacaq. O cümlədən, mundiala vəsiqə qazanacağı halda, Türkiyə millisinin bir oyunu burada keçiriləcək. Eləcə də 1/16 final mərhələsinin bir oyunu şəhərimizdəki arenada gerçəkləşəcək. Artıq biletlər satışa çıxarılıb.
- Azərbaycan üçün darıxmırsınız?
- Əlbəttə, darıxıram. Valideynlərim də, dostlarım da Vətənimdədir. Onlarla tez-tez əlaqədəyik. Amma bu gün buradayam, daha çox bərkimək lazımdır. Qismət olsa, yaxın illərdə Azərbaycana baş çəkməyi düşünürəm. Lakin hələ birdəfəlik qayıtmaq barədə düşünmürəm.
- Orada irəliləmək kimi hədəfləriniz var?
- Əlbəttə, hədəfsiz yaşamaq olmur. Gərək hər bir insanda hədəf olsun. Bu gün burada uşaq futbolundayam. Əlbəttə, hədəfim böyük futboldur. Adam öz bildiyi işi görəndə daha xoşbəxt olur və məqsədlərini bilir. İlk növbədə, uşaq futbolundan böyüklərə keçidi düşünürəm. Buna isə müəyyən dövr, zaman lazımdır. Burada məşqçilik kurslarını oxumalıyam. Buradakı ilə Azərbaycandakı məşqçilik kursları fərqlidir. Avropada verilən məşqçi kateqoriyaları uşaq futbolunda keçərlidir, amma böyük futbolda məşqçilik etmək üçün gərək buradakı kurslarda da oxuyasan və buranın kateqoriyasını alasan. Qarşıdakı iki ay ərzində bu məsələyə aydınlıq gələcək. Yəni, məqsədlər var. Görək, necə olacaq...
Elşən MƏMMƏDOV














































































