"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah" komandası ilə 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Bu gün çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə hesab hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. “Nyukasl”dan sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.
- Baş hakimin oyunun əsas vaxtına 6 dəqiqə əlavə etməsi, sizcə, az deyildi?
- Belə bir matçda, bu qədər oyunun dayandığı oyunda 6 dəqiqənin əlavə edilməsi, məncə, də az idi. Bəzən elə oyunlar olur ki, heç kim onun bitməsini istəmir.
- Matç başa çatandan sonra rəqib komandadakı həmkarınız Valdas Dambrauskasla 1-2 dəqiqəlik səhbətiniz oldu...
- Rəqibin köməkçi-məşqçisi bizə qarşı ədəbsizlik etdi. Danışığımız da bu yöndə idi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm.
- Son dövrədən gözləntiniz nədir: Komandanın psixoloji cəhətdən hazır olduğunu düşünürsünüzmü?
- Məni düşündürən məqam futbolçuların bərpasıdır. Çox sıx qrafikdə oynayırdıq. Ümumiyyətlə, çempionatımız maraqlı gedir. Qarşıda yüngül rotasiyalar edərək futbolçuları tam hazır vəziyyətə gətirəcəyik.
- Matçdan sonra futbolçular sevinirdilərmi, yoxsa bərabərliyə üzülənlər var idi?
- Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xaraktersiz bir nəticə əldə edə bilmərik. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Biz sonadək mübarizə aparacağıq. Biz bu gün “Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq.
- Bəhlul Mustafazadənin yoxluğunda müdafiədə dəyişiklər etməyə məcbur qaldınız. Dani Boltun sağ cinahda rəqibinə uduzduğunu, Aleksey Kaşukun da zəif çıxış etdiyini gördük...
- Bu gun belə bir heyət çıxarmağı uyğun gördüm. Deməzdim ki, Bolt zəif çıxış etdi. Qarşısında çempionatın ən sürətli oyunçularından olan Maluda var idi. Ona qarşı da normal çıxış ediyini düşünürəm. Kaşuk da isə bəlkə də həyəcan var idi. Daha yaxşı oynaya bilərdi.
- Musa Qurbanlı haqda düşüncələriniz necədir: Start heyətdə oynamağa hazırdırmı?
- Musa çox əziyyət çəkir. Bu cür davam etsə, start heyətində də yer ala bilər.











































































