
"Bakıda komandanın fiziki durumunu yüksəltdik, Türkiyədə isə taktiki hazırlıq üzərində işlədik. Üç yoxlama oyunu keçirdik. Bu da futbolçuların bir-birinə uyğunlaşmasına yardımçı oldu”. Sportnet.az-ın məlumatına görə, bu sözləri "Kəpəz”in futbolçusu Şəhriyar Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Ərzurum toplanışını dəyərləndirən müdafiəçi hazırlıq prosesinin bəhrəsini Premyer Liqada görəcəklərini söyləyib: "Türkiyədə komanda demək olar ki, formalaşdı. Qardaş ölkədə keçirdiyimiz hazırlığın böyük xeyri dəyəcək. Mən şəxsən belə fikirləşirəm. Bunun bəhrəsini çempionatda mütləq görə biləcəyik”.
Əliyev "Kəpəz”ə "Qarabağ”dan keçib. Futbolçu icarə əsasında qarşıdakı futbol mövsümündə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyacaq: "Ağdam klubunun futbolçuları uzun illərdi bir yerdə çıxış edirlər. Hazırda daha yaxşı oyun sərgiləyirlər, oyunçular bir-biriləri ilə əla anlaşırlar. Bizə də özümüzü göstərmək üçün zaman lazımdır. Yeni komandayıq, hazırlaşmaq üçün vaxtımız azdır. Ərzurumda həm biz futbolçular, həm də məşqçilər qısa vaxtdan lazımınca istifadə etdik. İnşallah, Türkiyə toplanışında səmərəli çalışmağımızın komandaya müsbət təsirini görəcəksiniz”.