Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün qalibi olan "Sabah" komandasının mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, təntənəli tədbir XXXII turun "Neftçi" ilə ev oyunundan sonra gerçəkləşib.
Yağışlı hava şəraiti altında baş tutmuş qarşılaşmanı və mükafatlandırmanı az sayda azarkeş izləyib.
Əvvəlcə "Sabah"ın futbolçuları və rəhbərliyi meydançaya dəvət olunub. Ailələri ilə meydançaya çıxan oyunçular üçün onların təmsil etdikləri ölkələrin musiqiləri və sevdikləri mahnılar səsləndirilib. Bu zaman çempionatın bombardiri Coy Lens Mikelsin "Bakılı balasıyam" mahnısına oynaması diqqət çəkib.
Baş məşqçi Valdas Dambrauskas isə azarkeşlər önündə Litva və Azərbaycan bayrağı ilə çıxaraq alqışlar qazanıb.
Daha sonra AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının Texniki idman direktoru Elgiz Abbasovun iştirakı ilə təltifetmə keçirilib.
"Sabah" klubun rəhbərliyi və futbolçularına qızıl medallar təqdim olunduqdan sonra komanda çempionluq kubokuna qovuşub.










































































