
"Qarabağ" klubu yeni transferlərini rəsmən açıqlayıb. Sportnet.az-ın məlumatına görə, yay transfer pəncərəsinin son günündə Samuel Kristian Nunyes Yansson Armenteros və Migel Markos Madera ilə 2 illik müqavilə bağlanılıb.
25 yaşlı Armenterosun son klubu Hollandiyanın Erediviziya təmsilçisi "Villem II" olub. Lakin o, icarə əsasında Belçika "Anderlext"inə məxsusdur. İsveçin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinmiş hücumçu ötən mövsüm komandasında 29 oyuna 11 qol vurub. O, "Feyenord"un da formasını geyinib.
İspaniyalı yarımmüdafiə Maderanın sonuncu klubu isə "Makkabi" (Hayfa, İsrail) olub. Karyerasına İspaniya "Sportinq"ində başlayan 29 yaşlı futbolçu sonradan İngiltərə "Birmingem"inə və Yunanıstan AEK-inə transfer olub. O, karyerasının ən yaxşı dönəmini öz ölkəsinin "Xetafe" klubunda keçirib. 3 il La Liqada çıxış etmiş Miçel ləqəbli futbolçu sonuncu mövsümü İsraildə keçirib. Hər iki futbolçu Avropa Liqasına göndərilmiş siyahıya salınıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası və ölkə kubokunda da mübarizə aparan "Qarabağ" daha bir transferi reallaşdırmaq ərəfəsindədir. Ağdam komandası Makedoniya millisinin üzvü Vladimir Dimitrovskini də sıralarına qatmaq üçün cəhd göstərib. Klub və futbolçu arasında razılıq əldə olunsa da, tərəflərdən asılı olmayan səbəblərdən transfer gecikir. Amma Dimitrovski ilə müqavilə bağlanacağı istisna deyil.