Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının kapitanı Bəhlul Mustafazadə Bosniya və Herseqovina yığmasını 1:0 hesabı ilə yendikləri AVRO-2016-nın seçmə matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, yeganə qolun müəllifi "CBC Sport"a açıqlamasında elit-raunda vəsiqə qazana bilməmələrinə təəssüfləndiyini söyləyib.
Mustafazadə bildirib ki, Türkiyə və Ukrayna yığmaları arasındakı qrupun digər oyununun nəticəsi onları maraqlandırmayıb: "Bizə 2:0 lazım idi. Bunlardan birini vurmağa müvəffəq olduq. Paralel keçən Türkiyə - Ukrayna görüşünün nəticəsi bizim üçün maraqlı deyildi. Yalnız öz oyunumuzu düşünürdük. Qarşımıza qoyduğumuz məqsədə nail olmasaq da, əlimizdən gələnin ən yaxşısını etdik. Son 2 qarşılaşmada yaxşı təsir bağışladıq. Bu gün 3 əsas oyunçumuz olmasa da, digərləri əllərindən gələni etdilər".
Qeyd edək ki, Azərbaycan yığması qalib gəldiyi Bosniya və Herseqovina ilə birgə 3 xal toplayıb. Hərəyə 6 xalla ilk 2 yeri tutan Türkiyə və Ukrayna milliləri elit-raunda vəsiqə qazanıb.