1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bizimkilər"ə mükafatlar, başqalarına milyonlar qazandıran Çin Super Liqası
Avropa futbolunda maliyyə problemləri olduğu bir vaxtda çinlilər kef-damaqdadırlar. Bu ölkənin futbol klubları böyük məbləğlər qarşılığında futbolçuları transfer edirlər. Çinin Super Liqa təmsilçiləri sanki milyonlarıyla bir-birləriylə yarışır, "kim daha səxavətli olacaq, daha bahalı transfer edəcək?" prinsipiylə yaşayırlar. "Şaxtyor”dan alınan braziliyalı yarımmüdafiəçi Aleks Teyşeyranın timsalında transfer məbləği rekordu yeniləndi. Bu, "Syansu Saynti” klubunun timsalında artıq 50 milyon avrodur. Bəs Doğrudanmı Azərbaycanın bir normal futbolçusu olmadı ki, Çin klubuna keçsin və belə çətin dövrdə komandalarımız da az-çox pul qazana bilsinlər?
Tarixə nəzər salsaq, "Neftçi”nin sabiq legionerləri, 2006-cı ildə "Birlik Kuboku”nu qazanmış bolqar yarımmüdafiəçi Svetoslav Stefanovla serbiyalı hücumçu Branimir Subaşiç Çin Super Liqasının iştirakçıları olublar. Maraqlıdır ki, onlar fərqli vaxtlar da olsa da, eyni klubun – "Çanqçun Yatay”ın şərəfini qoruyublar. Ancaq hər iki futbolçunun keçidi transfer yox, icarə əsasında olub. Yəni, öz klublarında oyun praktikası sarıdan çətinlikləri olduğundan, icarəyə veriliblər. Bunlar isə 7-9 il öncə baş verib.
Dünya üzrə Çin Super Liqasında oynayan legionerlərin syahısına nəzər salsaq, Azərbaycandan yalnız Subaşiç göstərilir. Çünki o, ölkəmizin vətəndaşıdır, milliləşdirilərək yığmamızda da oynayıb. Ancaq əslində, "Banya" Çinə Azərbaycan Premyer Liqasından yox, tarixi vətənindən yollanıb. Çünki o, 2009-cu ildə "Neftçi”nin yox, artıq "Srvena Zvezda”nın futbolçusu idi. Serbiyada da çempionat Super Liqa adlandığından, hücumçu bir Super Liqanı digərinə dəyişir. Subaşiç "Çanqçun Yatay"da 24 oyunda 3 qol vurmağa müfəffəq olub. O, Çində çempion olmağa yaxın olsa da, sonda gümüş medal qazanıb.
Əslində isə milli çempionatımızdan Çinin Super Liqasında yalnız Stefanov gedib. İkili soyada malik, Petrovu da daşıyan bolqar yarımmüdafiəçini 2007-ci ildə "Neftçi” "Çanqçun Yatay”a icarəyə verir. 2006/2007 mövsümündə çempionatımızda limiti 5-dən "3+2”ə endirilmişdi. Belə olan halda, klublarımızda bir çox legionerlər, o cümlədən Stefanov daha çox ehtiyatda qalmalı olur. Vəziyyətdən çıxış yolu kimi bolqar futbolçunun ilin əvvəlində Çin klubuna bir mövsümlük (martdan noyabradək) icarəyə verilməsi daha məqsədəuyğun sayılır. Bu ölkədə çempionat "yaz-payız" sistemi üzrə keçirildiyindən, o, mübarizə başlayan zaman artıq yeni klubunun sərəncamında idi.
Maraqlıdır ki, 1996-cı ildə yaradılan, 20 yaşı olan "Çanqçun Yatay” tarixində yeganə çempionluğu həmin mövsümdə qazanır. Düzdür, Subaşiçdən fərqli Stefanovun Çin klubunda şəxsi göstəriciləri aşağı olur - 16 oyunda meydana çıxmaq və qol vurmamaq. Göründüyü kimi, Azərbaycandan Çinə yollanan futbolçu qızıl medalla qayıtmaqla tarixə düşür. Stefanov 2009-cu ilin qışınadək "Neftçi"nin şərəfini qoruyur və mükafat kolleksiyasına Premyer Liqamızın bürünc medalını da əlavə edir.
Belə götürəndə, Stefanov kimi Subaşiç də legioner olduğundan, Çində oynayan azərbaycanlı futbolçu olmayıb. Aydın məsələdir ki, çinlilərin bizim futbolçulara marağı yoxdur. Bu, yalnız milli çempionatımızda oynayan legionerlərlə bağlı ola bilərdi. Ancaq Çinə gediş tendensiya halını almayıb. Alsaydı, bəlkə də nəyəsə ümid edə etmək olardı. Həm də bu ölkədə yalnız 1 klub "bizimkilər”lə maraqlanıb və başqa Çin təmsilçisindən belə addım görməmişik. "Çanqçun Yatay"ın tarixində oynamış ən tanınmış futbolçular arasında Stefanovla Subaşiçin də adları göstərilib.
Reallıq belədir ki, çinlilər Avropanın böyük klublarının ulduz futbolçuları ilə maraqlanır və onların transferləri ilə 2004-cü ildən Super Liqa adlanan çempionatlarını dünyanın ən bahalı futbol liqası etməyə çalışırlar. Nə deyirik, bazar olsun!!!
Mehman SÜLEYMANOV