Vaxtilə komanda yoldaşı olmuş iki qapıçının ad günləri eyni gündə - fevralın 9-da. Maraqlı təsadüfdür. Bu günün səbəbkarları polşalı David Pietrzkieviçlə milli komandamızın "1 nömrə”si Kamran Ağayevdir. Aralarında 2 yaş fərqi var. Ağayev 1986-cı, Piterzkieviç 1988-ci il təvəllüdlüdür. Göründüyü kimi, müstəqil Azərbaycan futbolunun ən yaxşı yetirmələrindən, ən güclü qapıçılarından olan Kamran bu gün 30 illik yubileyidir.
Səbəbkarla "Qəbələ” ilk mükafatını qazandığı 2013/14 mövsümündə komanda yoldaşı olublar. Düzdür, bu, mövsümün ikinci yarısında olub. Kamran həmin qış "Bakı”dan "Qəbələ”yə gəlişindən sonra Davidin legioner limitinə görə ehtiyatda qalacağı gözlənilən idi. Belə də oldu. Pietrzkieviç III dövrənin ilk turunda "Sumqayıt”la səfər matçında oynadıqdan sonra əsas heyətdən kənarda qaldı. Mövsümün sonunda isə klubla müqaviləsi bitərək vətəninə qayıtdı. Kamran "Qəbələ”dən qışda da (2015-ci il) ayrıldı. O, karyerasında ilk dəfə legioner həyatı yaşamaq üçün Türkiyəyə yollandı. Budur, hər 2 qapıçı yenidən Topaz Premyer Liqasının iştirakçısıdır. Pietrzkieviç ötən yay qayıtdığı "Qəbələ”nin formasında çıxışını davam etdirir, hətta Avropa Liqasının qrup mərhələsində Dortmundda "Borussiya”yla tarxi matçın iştirakçısı olub. Kamran isə vətənə dönüşündən sonra karyerasında ilk dəfə "İnter”də çıxış edir.
Düzdür, millimizin qapıçısı hələ ki yeni klubunda debüt edə bilməyib. Bu da Kamranın hələ "Qəbələ”də oynayarkən AFFA-nın Nizam-intizam Komitəsi tərəfindən aldığı 3 oyunluq cəzasının bitməməyi ilə bağlıdır. Ağayevlə Pietrzkeviç Topaz Premyer Liqasının son turunda "İnter” – "Qəbələ” matçında rəqib olsalar da, müəyyən səbəblərdən meydanda olmadılar. Kamran dediyim kimi cəzalı idisə, David ehtiyatda qalmışdı. Əslində, bu 2 qapıçı "Qəbələ”yədək də bir-birinə rəqib olublar. Məlum olduğu kimi, Pietrzkieviçin Azərbaycanda karyerası 2012-ci ildə "Simurq”da başlayıb. Onda Kamran "Xəzər Lənkəran”ın qapısını qoruyur, kapitanı idi. Ağayevin mükafat kolleksiyası zəngindir. Düzdür, o, bunun hamısını vətəndə qazansa da, hər halda, çempion, ölkə kubokunun, "Birlik Kuboku”nun qalibi olub. Bütün bunlara "Xəzər Lənkəran”ın heyətində nail olan Kamranın şəxsi mükafatları da çoxdur – 2 dəfə ilin futbolçusu (2008-ci ildə "Futbol+” qəzeti, 2013-cü ildə İdman Araşdırmalar Mərkəzi tərəfindən), AFFA tərəfindən bir neçə dəfə milli komandamızın ən yaxşı qapıçısı. Ağayev 2008-ci ildən bu yana əsas yığmamızın şərəfini qoruyur. David isə vətəni və Azərbaycanla yanaşı, Çexiyayla Sloveniyada çıxış edib. O, Polşanın U-19 yığmasında Avropanın ən güclü hücumçularından sayılan "Bavariya”nın forvardı Robert Levandovskiylə komanda yoldaşı olub.
Səbəbkarları ad günləri münasibətilə təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzulayıram.
Mehman SÜLEYMANOV