AFFA İcraiyyə Komitəsinin əvvəlki üzvlərindən ən azı 2-si yeni tərkibdə olmayacaq. Sportnet.az-ın məlumatına görə, az öncə açıqlanan siyahıda Hafiz Məmmədovla Cahangir Hacıyev yer almayıb.
"İnter"in fəxri prezidenti C.Hacıyev hazırda həbsdədir, H.Məmmədovun prezidenti olduğu "Bakı" klubu isə I Divizionda çıxış edir.
AFFA prezidenti vəzifəsinə Rövnəq Abdullayevin namizədliyi irəli sürülüb. İcraiyyə Komitəsində 10 üzv isə 11 namizəd arasından seçiləcək. Yalnız Peşəkar Futbol Liqasına ayrılan 4 yerə 5 nəfərin namizədliyi irəli sürülüb. Onlardan "Qarabağ" tərəfindən irəli sürülmüş baş məşqçi Qurban Qurbanovla "Xəzər Lənkəran" tərəfindən irəli sürülmüş vitse-prezident Tuyqun Nadirov yenidir. Qurbanovla Nadirovu Rauf Əliyev (AZAL), Vaqif Sadıqov ("Sumqayıt") və Elşad Nəsirov ("Neftçi") ilə rəqabət gözləyir.
Regional Futbol Federasiyaları İctimai Birliyinə ayrılmış 2 yer veteran futbolçular Kazbek Tuayevlə (RFF) İsgəndər Cavadovun (Şimal Regional Futbol Federasiyası) namizədliyini irəli sürüb.
Sahə Futbol Federasiyaları 2 yerini Mahir Məmmədov (Azərbaycan Futzal Federasiyası) və Mirkamil Rəhimova (Uşaq və Gənclər Futbol Federasiyası) verib.
İctimai Futbol Təşkilatlarının 2 yeri isə Elmar Məmmədyarov (Ümumazərbaycan Futbolsevərlərinin İctimai Birliyi) və Firudin Qurbanova (Futbol Hakimləri İctimai Birliyi) verilib. F.Qurbanov əvvəlki İcraiyyə Komitəsinin tərkibinə sonradan seçilibsə, E.Məmmədyarov yenidir.
Qeyd edək ki, Elmar Məmmədyarov xarici işlər naziridir.