Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Sergey Matveyev Azərbaycanla matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-in məlumatına görə, rusiyalı mütəxəssis ilk olaraq 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
- Yetərincə çətin oyun alındı. Maçların günaşırı keçirilməsi müəyyən çətinlik yaradırdı. Bunun nəticəsində istədiyimiz "təravətlilik” yox idi. Üstəlik, ikinci hissədə etdiyimiz 5 əvəzləmə oyunumuzu tam başqa etdi. İlk hissədə yaratdığımız qol imkanlarını tamamlaya, standart vəziyyətlərdən istifadə edə bilmədik. Azərbaycanla ilk oyundakı gərginliyi bu dəfə yarada bilmədik. Rəqib ərazi üstünlüyünə malik idi, topla daha çox rəftar edirdi və layiqli qələbə qazandı.
- Belə demək olarmı ki, ilk oyundan sonra komandanızda özünəinam, bir növ arxayınlaşma yaranmışdı?
- Qətiyyən yox. Yəqin ki, futbolçularımızda texniki səhvlər qısa müddətdə tam bərpa oluna bilməmələri ilə bağlıdır. Çünki iki gündə iki oyun keçirmək uşaqlar üçün yetərincə ağırdır.
- Hücumlarınızda aqrresivlik çatışmırdı. Bununla razısınız?
- İkinci hissə ilə bağlı razıyam. Biz sadə ötürmələri çox itirirdik və məhz buna görə topu Azərbaycan yığmasına tez verirdik. Bu üzdən oyunda üstünlüyümüz olmadı. Standart vəziyyətlərdə aqressivliyi nümayiş etdirə bilmədik, rəqib üçün heç bir çətinlik yaratmadıq. Azərbaycan yığmasının futbolçuları topa yaxşı sahib olurdular.
- İlk matçla müqayisədə Azərbaycan yığmasının oyununda nələr dəyişmişdi: Ən çox hansı keyfiyyətlər xoşunuza gəldi?
- Mən hələ ilk matçımızdan sonra demişdim ki, Azərbaycan yığması yaxşı komandadır. Şəxsən baş məşqçinizdən xahiş etdim ki, burada 2 matç keçirək. Yığmanızın oyununu Portuqaliyada görüb bəyənmişdim. İlk matçdakı 1:5 hesablı məğlubiyyətiniz heç nə demək deyildi. Mən hələ onda yetirmələrimə söylədim ki, son 2 qolu axırıncı dəqiqələrdə, 3-cü qolu isə kobud səhvdən sonra vurduq. Yəni, hesab oyuna görə deyildi və matç yetərincə gərgin idi.
- Sizcə, bugünkü oyunda top qapıdan keçmişdi?
- Hələ bilmirəm. Videotəkrara baxmaq lazımdır. Vəziyyət belədir ki, topun tora qovuşmadığnı görürəmsə, qolla bağlı reaksiyam necə olmalıdır? Mən belə düşünürəm ki, yəqin ki, qol olmayıb. Sadəcə, həmin epizoda bir daha baxmaq lazımdır.
- Oyunun ədalətli nəticəsini qolsuz bərabərlik sayırsınız?
- Yox. Azərbaycan yığması qələbəyə daha yaxın idi. Sözsüz ki, bu, belədir.
- İlk oyunda 7 nömrəli futbolçumuzu (Fərid Nəbiyev nəzərdə tutulur – M.S.) bəyəndiyinizi açıqlamışdınız...
- Həmin "7 nömrə” bu dəfə bir az zəif oynadı. Fikrimcə, ilk matçdakı kimi parlaq çxıış etmədi. Yəqin ki, bu da az müddətdə ikinci oyuna çıxması ilə bağlı idi. O, ilk matçda daha aktiv idi, meydanda daha çox nəzərə çarpırdı. Ola bilər ki, ikinci oyunda gücü çatmadı. Ümumiyyətlə, sanballı oynayır.
- 9 nömrəli futbolçunuz Maqomed Süleymanov ilk hissədə yaxşı oynayırdı. Ancaq onu ikinci hissədə əvəzlədiniz. Bu, nə ilə bağlı idi?
- Bizdə hələ baxmaq istədiyimiz futbolçular var idi. Buna görə onlara oynamaq imkanı yaratdıq. Bakıya 20 futbolçu ilə gəlmişdik və hamıya şans verməyə çalışdıq.
- Bir mütəxəssis kimi yığmamızın Bakıda keçiriləcək final mərhələsində perspektivini necə görürsünüz?
- Mənə bunu demək çətindir. Yalnız onu deyə bilərəm ki, yaxşı, sanballı yığmanız var. Bilirəm ki, Türkiyədən bir neçə futbolçunuz gəlməyib. Baş məşqçinizin 1:5-dən sonra komandanı kökləməsi, futbolçuların ruhdan düşməyərək, keyfiyyətli oyun nümayiş etdirmələri yığmanızın səviyyəsini göstərir. Düşünürəm ki, Bakıdakı final mərhələsində maraqlı mübarizə olacaq. Öz yaş qrupumuzda çoxlu oyunlara baxmışam və deyə bilərəm ki, uğurlu çıxış etmək şansımız var. Çox şey püşkdən, düşəcək rəqiblərdən asılıdır. Aydın məsələdir ki, Almaniya, İspaniya, Fransa final mərhələsinin əsas favoritləridir. İnanın ki, qalan yığmalarla mübarizə aparmaq, başabaş oynamaq olar.
- Final mərhələsinə çıxsanız, bizimlə bir qrupa düşmək istərdiniz? Hər halda, Azərbaycan yığması sizə çox tanış rəqib olacaq...
- Ola bilər ki, istərdim. Prinsipcə, Azərbaycanla qrupda görüşmək maraqlı olacaq. Gəlin, tələsməyək. Siz artıq final mərhələsindəsiniz. Biz isə elit-raunddayıq, Gürcüstanda mübarizə aparacağıq. Qoy, biz də final mərhələsinə düşək. Bundan sonra birgə oyunlarımıza ümid edərik.
Mehman SÜLEYMANOV