AFFA İntizam Komitəsi I Divizionun XVIII turunun "Neftçala” – "Turan Tovuz” matçında baş vermiş dava ilə əlaqədar qərarlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, qərarda bildirilir ki, 89-cu dəqiqədə "Neftçala"nın əvəz olunmuş futbolçusu Aqşin Həşimov meydana daxil olaraq "Turan Tovuz”un oyunçusu Səbayıl Bağırova hücum çəkib və ona zərbələr endirib.
Bu isə hər iki klubunun futbolçuları arasında dava-dalaşa səbəb olub. Oyunla əlaqədar 7 dəqiqəlik fasilə yaransa da, görüş sona qədər oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləyib və aşağıdakı qərarları qəbul edib:
Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur;
"Neftçala" klubunun 10 №-li futbolçusu Aqşin Həşimov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;
Baş vermiş davada aktiv iştirak etdiyinə görə "Turan Tovuz"un futbolçusu Afin Bağırov və "Neftçala"nın oyunçusu Cəmil Rəhimli 5 oyunluq cəzalanır və hər iki klub 300 manat cərimə olunur.