Gürcüstan və Qazaxıstan milli komandaları arasında bugünkü yoldaşlıq görüşü öncəsi baş məşqçilərin mətbuat konfransı keçirilib. Sportnet.az saytının məlumatına görə, dünən Tbilisidə jurnalist qarşısına çıxan hər 2 mütəxəssis Azərbaycan yığması ilə martın 26-da keçirilən yoxlama matçına da toxunublar.
Qazaxıstan millisinin baş məşqçisi Talqat Bayfusinov Antalyada keçirilən həmin oyunu uğurlu start kimi qiymətləndirib: "Azərbaycana 1:0 hesabı ilə qalib gəldik. Həmişə ilə qələbəylə başlamaq yaxşıdır. Sabah minimum müsbət nəticəyə ümid edirik. Ancaq futbolda hər şey ola bilər. Bizim futbolçular ilk yoldaşlıq görüşündən sonra özlərinə inamlıdırlar. Ümumilikdə, Azərbaycanla matçda olduğu kimi, balanslaşdırılmış futbol göstərməyə çalışacağıq”.
Slovakiyalı mütəxəssis Vladimir Vayss Gürcüstan yığmasında baş məşqçisi postunda debütündə qələbəyə köklənib: "Sabah yoldaşlıq görüşü olacaq. Ancaq beynəlxalq oyunlarda həmişə qalib gəlmək lazımdır. Gürcüstan yığmasının baş məşqçisi vəzifəsində ilk oyunumu qələbəylə başa vurmaq istəyirəm. Qazaxıstanın Azərbaycana qarşı oyununu görmüşəm. Bizi çətin matç gözləyir. Biz oyunun taleyini öz xeyrimizə həll etməyə və onu uğurla başa vurmağa çalışacağıq”.