AFFA-nın İntizam Komitəsi Azərbaycan I divizionun bombardiri Royal Nəcəfovu 4 oyunluq cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna MOİK-in futbolçusunun XIX turda "Neftçala" ilə ev oyununda hakimi təhqir etməsi səbəb olub.
Nəticədə qırmızı vərəqə alaraq meydandan qovulan futbolçuya verilən cəzadan əlavə klub da 400 manat cərimələnib. Lakin komitə 4 oyunluq cəzadan 2-sinin şərti olması barədə qərar qəbul edib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Nəcəfov hazırda 16 qolla çempionatın bombardiridir.
Bundan başqa "Turan Tovuz" – "Mil-Muğan" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində Tovuz təmsilçisinin futbolçusu Natiq Səhrətov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
"Şahdağ" – "Bakı" matçının 86-cı dəqiqəsində qonaqların futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimələnib. "Şəmkir" – "Göyəzən" matçının 86-cı dəqiqəsində qonaqların heyətində Orxan Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə edilib.