"Final mərhələsinə yüksək səviyyədə hazırlaşdığı üçün Azərbaycana təşəkkür edirəm". Sportnet.az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimində iştirak üçün Bakıya gələn İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo deyib.
O bildirib ki, çempionatın səviyyəsi çox artıb: "Çünki bütün yığmalar həddən artıq gücləniblər. Hər bir komanda final mərhələsində iştirak üçün yaxşı hazırlaşıb. Əsas məqsəd o olmalıdır ki, komandalar birləşərək, bu cür çempionatı yüksək səviyyəyə çatdırsınlar",
Komandalara gəlincə, Toldonun fikrincə, Portuqaliya və Almaniya çox güclüdür. Ancaq sabiq qapıçı İtaliya yığmasına olan ümidini itirmədiyini söyləyib: "İtaliya yığmasının güclü məşqçisi var və o, nə etdiyini bilir. Qrupumuz çox çətindir. Buna baxmayaraq, İtaliyanın adı gələndə çoxları qorxuya düşür".
Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatında İtaliya yığmasının rəqibləri Serbiya, Hollandiya və İspaniya olacaq. Komandanın baş məşqçisi Alessandro Dal Kontodur.








































































