Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının qapıçısı Məmməd Hüseynov bu gün xəstəxanadan buraxılıb. Bu haqda Sportnet.az-a futbolçunun atası Namiq Hüseynov məlumat verib.
O, oğlunun hazırda evdə müalicə olunduğunu bildirib: "Həkimlər heç bir problemin olmadığını deyirlər. Boynunda və başında yüngül ağrılar olur. Onu da aradan qaldırmaq üçün dərman qəbul edir. Həkimlər 2 gündən sonra daha buna ehtiyac olmayacağını bildiriblər".
Həkimlər Belçika ilə matçda xəsarət alan, yüngül beyin silkələnməsi olan Hüseynova bir müddət futboldan kənarda qalmağı zəruri sayıblar. Nəticədə Avropa çempionatının final mərhələsini buraxacaq Məmmədov 2 həftə müalicə olunacaq. Qapıçıya xəstəxanada olduğu müddətdə AFFA-nın baş katibi Elxan Məmmədov, millimizin məşqçiləri, o cümlədən baş məşqçi Təbriz Həsənov baş çəkiblər.