1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Səninlə fəxr edirik, Məmməd!
17 yaşlılardan ibarət yığmamızın qapıçısı Məmməd Hüseynov. Dünəndən bu yana hamı ondan danışır.
Belçika ilə matçda əvvəlcə inamlı oyun, sonra isə aldığı xəsarətlə diqqət mərkəzinə düşən gənc qapıçımız bizlərə həyəcanlı anlar yaşatdı. Rəqiblə hava mübarizəsində toqquşmadan sonra yerə yıxılaraq huşunu itirən Məmməd həkimlərin köməyi ilə özünə gəlsə də, birbaşa xəstəxanaya aparılması zəruri idi. Müayinənin nəticəsi qapıçımızda yüngül beyin silkələnməsi olduğunu aşkara çıxdı. Ciddi problemin olmamasının göstəricisidir ki, futbolçunun xəstəxanada heç 1 sutka qalmasına ehtiyac olmadı.
Məmməd Hüseynov Avropa çempionatının final mərhələsinədək çoxları üçün tanınmırdısa, indi vəziyyət fərqlidir. Bu, onu yaxından tanıyan bir insan kimi şəxsən məni çox sevindirir, uğurlarına ürəkdən şad oluram. Bəli, Məmmədi, onun ailəsini yaxından tanıdığımdan bu qapıçı xeyli vaxtdır diqqət mərkəzimdədir.
Babasının adını daşıyır Məmməd. Həm qonşum, həm də məktəb yoldaşım olan atası Namiqin oğlunu futbola qoyması bu idman növünün "xəstəsi" olan bir insan kimi ürəyimcə oldu. 17 yaşlı qəhrəmanımın yaxşı boya malik olması qapıçı üçün vacib amildir və onun "çərçivə qoruyucusu" olmasında böyük rol oynayıb. Klubda da bağlı yaxşı seçim edilib. Hər halda, "Qarabağ"ın son illərdə Azərbaycanın ən güclü klubu olduğu məlumdur. Yavaş-yavaş yığmaya cəlb olunan Məmmədi baş məşqçi Təbriz hələ U-16-nı çalışdıranda heyətə cəlb etmişdi.
Ancaq iş elə gətirdi ki, Hüseynov yığmanın final mərhələsinə hazırlıq prosesində zədə problemi ilə üzləşdiyindən kənarda qaldı. Bu səbəbdən o, Rusiya və Ukrayna yığmaları ilə Bakı Olimpiya Stadionunda keçirilən yoldaşlıq görüşündə iştirak etmədi. Ancaq bu müddətdə komanda yoldaşlarını tək qoymayan qapıçı atası ilə birgə arenaya gələrək onlara mənəvi dəstək oldu. Onun yığmamıza görə necə həyəcan keçirdiyinin canlı şahid oldum. Həmin vaxt atasından vəziyyəti ilə maraqlanaraq final mərhələsinədək sağalacağına ümid edirdim. Məmməd nəinki sağaldı, final mərhələsi üçün heyətə düşdü və əsas qapıçı oldu.
Bəli, Bakı Olimpiya Stadionunda keçirilən matçda iştirak etmək Məmmədin qismətində varmış. Özü də rəsmi oyunda, final mərhələsində tarixi debütdə, açılış matçında. Düzdür, Portuqaliaya 0:5 hesabı ilə uduzduğumuz matç həm özü, həm də yığmamız üçün uğursuz alındı. Ancaq Hüseynov ruhdan düşmədi, baş məşqçi də yenə şans verməklə onu "sındırmadı". Bu, alqışalayiq addım idi. Tarix də göstərdi ki, Təbriz Həsənov "çərçivə"ni yenidən Hüseynova etibar etməklə düzgün addım atıb.
Artıq Məmməd tanınır, bir andaca məşhurlaşdı. Onun ailəsini, atasını yaxından tanıyan insan kimi "ulduz xəstəliyi"nə tutulmayacağına inanıram. Düzdür, final mərhələsi Hüseynov üçün vaxtından əvvəl bitib, amma indi əsas məsələ onun tezliklə sağalmasıdır.
Sevindirici haldır ki, Azərbaycanda Hüseynovun timsalında yeni istedadlı qapıçılar yetişir. Artıq "Qarabağ", baş məşqçi Qurban Qurbanov da gələcəyə nikbin baxa bilər. Çünki bu klubda yaxın gələcəkdə əsas komandada oynaya biləcək qapıçı var. Məmmədin tezliklə əsas komandada hazırlıq keçəcəyini düşünürəm və buna da əsas var.
Hələliksə Məmmədə şəfa diləyir, tezıikə yaşıl meydana qayıtmağı arzulayırıq. Futbol tanrısı qapıları onun üzünə açdı, ona şans verdi. İnanıram ki, Hüseynov bundan maksimum yararlanacaq. Məmməd, səni yaxın keçmişdə futbol cameəsində az adam tanıyırdısa, indi bu say xeyli çoxdur. Artıq təkcə mən yox, hamımız səninlə fəxr edirik. Uğurlar, Məmməd!
Mehman SÜLEYMANOV
P.S: Belçika ilə matçda 2 futbolçumuz fərqləndi: biri Məmməd Hüseynov, digəri final mərhələsində ilk qolumuzun müəllifi olan Murad Mahmudov. Biri qardaşımın, digəri oğlumun adıdır. Maraqlı təsadüfə bax...