Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının yarımfinal və final oyunlarının yerinin dəyişdirilmə səbəbi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun Sportnet.az-a verdiyi məlumata görə, bu dəyişiklik əsas arenanın azarkeş tutumu ilə əlaqədardır.
O bildirib ki, UEFA aşağı yaşlılar arasında yarışların az tutumlu stadionlarda keçirilməsinin tərəfdarıdır: "Əslində qitə futbol qurumu Bakı Olimpiya Stadionundan razı qalıb. Hətta bu arenada açılış oyunu Avropa çempionatları tarixində rekord sayda - 33 min tamaşaçı toplayıb. Bununla belə, tamaşaçı tutumu 70 min nəfərlik olduğundan, azarkeşlər seyrək görünür. Bunu nəzərə alan UEFA yarımfinal və final oyunlarının yerini dəyişdirib".
İndiyədək Bakı Olimpiya Stadionunda qrup mərhələsinin Azərbaycan - Portuqaliya, Ukrayna - Almaniya, Danimarka - İsveç və Serbiya - İspaniya oyunları keçirilib. Mayın 12-də Serbiya - Hollandiya və Danimarka - İngiltərə qarşılaşmaları da bu arenada olacaq. UEFA-nın yeni qərarına əsasən, 1/4 final, yarımfinal və final oyunları cəmi 2 stadionda - "Dalğa Arena" və "Bakcell Arena"da olacaq. Çünki qrup mərhələsindən sonra "Azərsun Arena" Avropa çempionatı üçün ayrılan stadionlar siyahısından çıxarılacaq. Bakı Olimpiya Stadionunda isə öncədə də 1/4 final oyunu nəzərdə tutulmamışdı.
Qeyd edək ki, bu gün UEFA final matçını "Bakcell Arena"ya təyin edib.