Ukraynalı futbolçu Aleksey Qayın "Qəbələ”dən gedişi rəsmiləşib. Bu haqda Sportnet.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, təcrübəli yarımmüdafiəçinin gedişi daha çox ailə məsələləri ilə bağlı olub. Futbolçu bu üzdən getmək istədiyindən onunla müqavilənin uzadılmaması daha məqsədəuyğun sayılıb: "Sözsüz ki, burada ailə məsələləri öz rolunu oynadı. Alekseyin məktəbə gedən övladları var. Qay futbolçu kimi, meydandan kənarda, akademiyaya, bir çox oyunçuya nümunə ola biləcək futbolçudur. Sağ olsun, ilyarım ərzində həqiqətən bacarığını ortaya qoydu və komanda üçün maksimum çalışdı. Çox şadıq ki, belə bir futbolçu ilə işlədik”.
Qeyd edək ki, Aleksey Qay "Qəbələ"də çıxış etdiyi hər iki mövsümdə bürünc medalçı olub. Son mövsüm onun üçün daha uğurlu alınıb. 34 yaşlı ukraynalı legioner həm 13 qolla "Qəbələ”nin bombardiri olub, həm də son turda "Kəpəz”lə səfər matçında vurduğu qələbə topu ilə komandasına mükafat qazandırıb.