Yaşasaydı, bu gün 70 illik yubileyini qeyd edəcəkdi. Ancaq 62 yaşında gözlərini əbədi yumdu. 2008-ci ilin martın 25-də dünyasını dəyişdi Sergey Kramarenko.
Bu soyad Azərbaycan futbolunda xüsusi yer tutur. Ata Kramarenkonun başladığı yolu oğul Kramarenko davam etdirdi. Hər iki qapıçının karyerasında "Neftçi” ilk klub olub və xüsusi yer tutub. Ancaq Sergey Sergeyeviç üçün "ağ-qaralar”da çıxışı daha uğurlu və ən əsası, uzun müddətli olub. Belə ki, "Neftçi”nin heyətində 262 oyun keçirib. Ümumiyyətlə isə Kramarenko SSRİ çempionatının yüksək liqasında ən çox - 312 oyun keçirməklə Azərbaycan futbolunda mütləq rekordçudur.
Təbii ki, Sergey Sergeyeviçin "Neftçi”də ən böyük uğuru 1966-cı ildə olub. Həmin il onun cəmi 20 yaşı olsa da, komandanın əsas qapıçısı idi. Özü də "Neftçi”də çıxışına başlayanda bundan da kiçik – 18 yaşı olub. Və düz 50 il öncə bürünc medal qazanan "Neftçi”nin heyətində tarixi nailiyyətə imza atanlardan, SSRİ-nin idman ustası adını alanlardan biri olub. Ata Kramarenko 11-12 il (1864-1975-ci illərdə) şərəfini qoruduğu "Neftçi”də "1 nömrə”ni heç kəsə vermirdi. O, əsl nömrə idi. Həm əsas qapıçı, həm də SSRİ-nin güclülər dəstəsində ən çox oyun keçirən futbolçumuz kimi.
Düzdür, Sergey Sergeyevim karyerasınna sonadək bu komandaya sadiqliyini nümayiş etdirməyib. "Neftçi”də 3 müxtəlif vaxtda çıxış edən qapıçı Odessa "Çernomorets”ində və Lənkəran "Xəzər”ində də forma geyinib. Yeri gəlmişkən, Ukrayna klubunda, həmyerlisi "Neftçi-66"da olduğu kimi Əhməd Ələsgərovun rəhbərliyi altında çalışıb.
SSRİ çempionatının birinci liqasının da mübarizəsini görən ata Kramarenko gec – 38 yaşında karyerasını bitirib.
Ancaq məşqçilik karyerası futbolçu kimi parlaq da olmayıb, uzunmüddətli də. Həmin "Xəzər”də və mənim üçün doğma bölgənin – Qazaxın təmsilçisi olan "Göyəzən”də SSRİ çempionatının aşağı divizionda işləyib. İkinci milli çempionatımızda – 1993-cü ildə isə "Neftçi”nin baş məşqçisi olub. Uzun fasilədən sonra komandaya qayıdan keçmiş qapıçı Ələsgərovu bu dəfə əvəzləyib. Ancaq "ağ-qaralar”da çalışdırıcı kimi fəaliyəti çox qısa olur. 1993-cü ildə ölkə kubokunun 1/4 finalında "Neftçi” ilə "Qarabağ” arasında cavab görüşü (0:0) Sergey Sergeyeviç üçün uğursuz olunur. Belə ki, matç zamanı qalmaqalda baş hakimi vuran Kramarenko AFFA-nın ağır cəzasına məruz qalır. Yeri gəlmişkən, o, futbolçu vaxtı da baş hakimi vurduğua görə cəzalanmışdı. 1971-ci ildə 3 illik diskvalifikasiya olunan Sergey Sergeyeviç 2 il sonra futbola qayıdaraq artıq birinci liqada oynayan "Neftçi"yə dönür.
AFFA-sı cəzası nəticəsində isə vətəni tərk edərək, Rusiyaya birdəfəlik gedir. Həmin vaxtdan məşqçiliklə vidalaşır və ölümünədək – 15 il həyatı Moskvaya bağlı olur. Elə onunla görüşüm də məhz Rusiya paytaxtında olmuşdu. Kramarenkonun doğma "Neftçi”si 2006-cı lin yanvarında sonda qalibi olacağı, tarix yazacağı "Birlik kuboku”na gəlmişdi. Bunadək telefonla danışdığım, müsahibə götürdüyüm Sergey Sergeyeviçlə üzbəüz görüşməmişdim. Bu, "Dinamo”nun stadionunda ərazisində olan "Dinamo” kafesində baş tutdu. 60 illik yubileyinə hazırlaşan veteran qapıçımızla xeyli söhbətləşdim, futbolumuzdan, oğlundan danışdı. Böyük arzuları olan Dimanın özünə oxşamadığını etiraf etdi. Yəni ata Kramarenko xaraktercə çox güclü idi və kiminsə onu əsas heyətdən sıxışdırıb çıxarmasına imkan verməzdi. Oğul Kramarenko isə ehtiyatda qalması ilə barışaraq atası kimi möhkəm iradə sahibi ola bilməmişdi. Sergey Sergeyeviçdə diqqətimi çəkən keyfiyyətlərdən biri də azərbaycanca çox səlis danışması idi. Əslən Gəncədə olan Kramarenko uzun müddətdir vətəndən kənarda qalsa da, Azərbaycan dilini unutmamışdı.
Sergey Sergeyeviçdən yenidən görüşmək ümidi ilə ayrıldım. Ancaq bu, mənə qismət oldu. Bundan 2 il sonra o, dünyasını dəyişdi. Ürəyində problemləri olan keçmiş qapıçıya doğma Azərbaycanı, doğma Gəncəni yenidən görmək qismət olmadı. O, elə Moskvada dəfn olundu.
Hər halda, ata futbolumuzda oğul davamçısını qoyub getdi. Dmitri də artıq futbolçu karyerasını bitirib və məşqçiliyə başlayıb. O da doğma "Neftçi”dədir və qapıçılarla çalışır. Sergey Sergeyeviçin əziz xatirəsi isə futbolsevərlərin qəlbində yaşayır.
Allah rəhmət eləsin, Sergey Sergeyeviç!
Mehman Süleymanov