"Rəvan" rəhbərliyinin Azərbaycan Premyer Liqasında iştirak üçün AFFA-nın Lisenziyalaşdırma qrupuna müraciət etmədiyi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu barədə Lisenziyalaşdırma Komissiyasının açıqlamasında bildirilir.
"Sarı-qırmızılar"ın müraciətçilər sırasında olmadığı AFFA-dan da təsdiqlənib. Komandanın baş məşqçisi Bəhmən Həsənov Sportnet.az-a açıqlamasında bundan xəbərsiz olduğunu bildirib: "Mənə deyiblər ki, komandanı yığ, növbəti mövsümə hazırla. Mən də heyətdə görmək istədiyim oyunçuları və hazırlıq planını rəhbərliyə təqdim etmişəm. Özüm hazırda istirahətdəyəm. İyunun 6-da işə çıxdıqdan sonra məsələ ilə maraqlanacağam. Rəhbərlik belə qərar veribsə, bunun səbəbini özlərindən dəqiqləşdirin".
Qeyd edək ki, Premyer Liqada iştirak üçün müraciət edən, lakin lisenziya ala bilməyən klublar "Bakı”, "Xəzər Lənkəran”, "Qaradağ Lökbatan”, "Neftçala”, "Şərurspor”, "Turan” Tovuz və "Zaqatala”dır.