"Neftçi"nin yeni transferi Murad Ağayev Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, gənc futbolçu Neftçi TV-yə açıqlamasında kluba reklam üçün keçmədiyini bildirib.
O deyib: "Hiss edirəm ki, böyük kluba gəlmişəm, məsuliyyəti dərk edirəm. Amma məsuliyyət futbolçuya oynamağa mane olmamalıdır. Növbəti oyunlarımıza hazırlaşırıq, yoxlama görüşlərimiz olacaq. Toparlanacaq, oyundan-oyuna artıracağıq və fikrimcə, uğur bizim tərəfimizdə olacaq. Mən bura reklam üçün yox, yalnız qələbə üçün gəlmişəm. İstəyirəm ki "Neftçi” həmişə yüksəklərdə olsun".
23 yaşlı yarımmüdafiəçi rəqabətdən çəkinmədiyini də vurğulayıb: "Rəqabət məni daha da güclü edir. Tərəfdəriyam ki, mənim mövqeyimdə oyunçu olsun. Bu, rahatlaşmamağıma və inkişaf etməyimə kömək olacaq. Heç bir rəqibi qəymətləndirməmək olmaz, bütün rəqiblərə ciddi yanaşmalıyıq və ortaya 100 faiz gücümüzü qoymalıyıq”.
Qeyd edək ki, Murad Ağayev Azərbaycanda AZAL və "Sumqayıt” klublarında da forma geyinib.