Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Sportnet.az-a müsahibəsi
- Bu gün PFL-in yaranmasının 8 ili tamam oldu. Bu illərdə ən böyük nailiyyətiniz nə oldu?
- Təbrikə görə minnətdaram. Özüm gördüyüm iş haqda danışmaq mənim üçün bir az xoş deyil. Ancaq çox sağ olun siz jurnalistlər ki, bu gün PFL-in ad gününü diqqətdən kənarda qoymadınız. Mətbuat xidmətimizin rəhbəri Aslan Şahgəldiyev bunların hamısı haqda mənə məlumat verdi. Buna görə sizin timsalınızda bütün həmkarlarınıza təşəkkür edirəm. Ən böyük nailiyyətimizə gəldikdə, Avropa reytinqində Azərbaycan 24-cü yerdədir. Bununla da kifayətlənməyərək, 19-20-ci yerlərə qalxmalıyıq ki, avrokuboklarda oynayan komandalarımızn sayı artsın. İnanıram ki, buna nail olacağıq.
- Hər halda, klublarımızın Avropa Liqasında yaxşı startı da buna ümid verir...
- Mən də elə bunu demək istəyirdim. "Neftçi”nin səfərdə qalib gəlməsi, "Qəbələ”nin belə böyükhesablı qələbə qazanması bizə böyük inam verir. Düzdür, "Kəpəz”in də qələbəyə böyük şansı oldu, amma istifadə edə bilmədi. İnanırıq ki, Gəncə klubu da səfərdən mərhələ keçməyə imkan verən nəticə ilə dönəcək. Qaldı "Qarabağ”a, bu gün əlaqə saxlamışam, əhval-ruhiyyələri yaxşıdır. İnanırıq ki, komandamızla bu il də sevinəcək və reytinq sıralamasında daha da yüksələcəyik.
- Geriyə boylananda, PFL-in əsas nailiyyəti kimi nəyi hesab edirsiniz?
- Əvəzedici heyətin yaranması çox gənc futbolçuların üzə çıxmasına səbəb oldu. Milli komandamızda əsas heyətdə yer alan oyunçularımızın hamısı əvəzedici heyətdə parlayan futbolçulardır. Bunun özü də sevindirici haldır. Bütün komandaların eyni topla oynamasını və klubların qarşısında öz stadionlarının olması tələbini qoymağımızı qeyd etmək istərdim. Vaxt var idi ki, bir stadionda 3-4 komanda oynayırdı, növbə gözləyirdilər. Ancaq indi bütün komandalarımız öz arenalarında oynayırlar, hətta artıq stadionumuz da qalır. Bunun özü sevindirici haldır. Çalışacağıq ki, tək bunlarla kifayətlənməyək. Artıq Azərbaycan futbolunun da Avropada öz sözünü deməyinin vaxtı çatıb.
- Yəni təkcə Avropa Liqasında yox, artıq Çempionlar Liqasında da qrupa düşməliyik...
- Təbii. Bildiyiniz kimi, idman xoşbəxtliyi də olmalıdır. Xoşbəxtlikdən, bu il püşk də biz tərəfdə oldu. Sevinirik və ümidvarıq ki, avrokuboklarda bəxt mövsümün sonunadək bizimlə olacaq.
- PFL-in 8 yaşında çempionatımız 8 komandalı olacaq. Bu, maraqlı təsadüfdür, yoxsa?
- (gülür). İndi bunu fikirləşdim. Söz verirəm ki, gələn il 10 komanda olacaq.
- Nəyə əsasən bunu deyirsiniz?
- Artıq AFFA rəhbərliyi ilə danışmışıq. Prezident Rövnəq Abdullayevin təşəbbüsü, göstərişi ilə I Diviziondan ən azı 3 komanda Premyer Liqaya gəlməlidir. İlk olaraq, sizə bu haqda məlumat verirəm. Premyer Liqadan 1-i aşağı düşəcək, 3-ü gələcək və nəticədə yenidən 10 komanda olacaq.
- Belə çıxır ki, klublara lisenziya məsələsində güzəşt olacaq?
- Yox. Bildiyiniz kimi, ötən mövsüm klublarımızda maddi problemlər oldu. Bunlar "Rəvan”, "Xəzər Lənkəran”, "Bakı”ya aiddir. Artıq bu işlərə ciddi yanaşmalıyıq. Ona görə də belə qərara gəldik ki, bəzi sahələrdə klubların daxili işlərinə qarışaq. Klublar buna etirazlarını bildirə bilərlər. Ancaq buna baxmayaraq, neqativ halların yaşanmaması üçün məcburuq. Bununla bağlı planlarımız var. Ancaq açıqlamaq hələ tezdir. Çempionat boyu hamısını görəcəksiniz. Hamımız respublikadan kənarda Azərbaycanı təmsil edirik. Klublarımızdan FİFA, UEFA-ya şikayət edəndə, bunun sayı çox olanda, onlar düşünmürlər ki, klub düzgün, yoxsa səhvdir. Şikayət çoxsaylı olanda heç baxmırlar. Hardan gəlib? Filan ölkədən. Deməli, səhvdirlər. Nəticədə futbolçunun xeyrinə qərar verirlər. Biz bunu yaşamaq istəmirik. Əksinə, bizim klublar haqda müsbət rəy olmalıdır.
- Yəni, klubları məcbur edəcəksiniz ki, adınıza söz gəlməməsi üçün futbolçularla borc məsələsini yoluna qoysunlar?
- Bəli, sözsüz ki, bu, belə olmalıdır.
- Bu gün eyni zamanda idman jurnalistləri və polis günüdür. Hər iki sahə də sizə çox yaxşı tanışdır...
- Mən özümü sizlərlə birgə sayıram. Jurnalistlərlə dostam. Hətta yersiz tənqid edəndə də bundan incimirəm. Hamımızın məqsədi futbolumuzun inkişafına nail olmaqdır. Ona görə ünvanlanan tənqidləri normal qəbul edirəm. Bildiyiniz kimi, həmişə həmkarlarınızla isti münasibətdə olmuşam. Buna görə peşman deyiləm və bayramınızı da öz bayramım kimi qəbul edirəm. Bəli, bu gün mənim üçün üçrərəfli bayramdır - PFL, idman jurnalsitlərinin və keçmiş sahəm olan polislərin günüdür. Öz işçilərimizi, Aslanı artıq təbrik etmişəm. Bu zənginizdən istifadə edərək bütün idman jurnalistlərini təbrik edirəm. Eyni zamanda bütün günü bizim keşiyimizdə olan polsiləri. Bir neçəsinə zəng vurub təbriklərimi çatdırmışam.
- Növbəti çempionatda 8 komanda olacağından, oyunların sayı az olacaq. Buna görə də əlavə kubok matçlarının, Liqa kubokunun keçirilməsi mümkündür?
- Onsuz da oyunların sayınına az olması işimizə yaradı. Çünki növbəti yay Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəyindən, mayda çempionatı, eləcə də kuboku bitirməliyik. Bu yarışdan iki həftə əvvələdək futbol mövsümünü tam başa vurmalıyıq. Demək olar ki, 1 ayımızı itiriririk. Bir ay əvvəldən bitirməyimiz oyun saylarını elə ötən illə eyniləşdirir. Arzu edərdim ki, klublarımızın ən azı 3-ü avrokuboklarda, Çempionlar Liqasında mərhələlər keçsin, bizim heç oyunlarımız azalmasın. İki klubumuz peyda olsa, sponsor tapılsa, AFFA rəhbərliyi, İcraiyyə Komitsindən xahiş edərəm ki, yenidən yığışaq və 10 komandaya qərar verək. Ancaq bilirik ki, hazırda sponsor, pul ayırmaq istəyən yoxdur. Buna görə indi 10 komanda mümkün deyil. Bir-iki ay öncə çıxışımda bildirmişdim ki, futbol ancaq siz jurnalistləri, futbolda çalışanları və ən başlıcası, Rövnəq Abdullayevi narahat edir. Elə bil ki, futbolla yalnız Rövnəq müəllim maraqlanmalıdır. Bilirik ki, futbol bütün idman növlərinin şahıdır, ən çox azarkeş toplayan idman növüdür. Bir ay əvvəl keçirdiyimiz son kubokun finalına 26 min tamaşaçı gəlmişdi. Nə avtomobil uduşa qoymuşduq, nə də böyük şou keçirmişdik. Sabah deməsinlər ki camaat maşına görə yığışmışdı. Deməli, futbol ancaq çox sevinc bəxş edən idman növüdür. Əfsuslar olsun ki, başqa qurumlar bu haqda narahatlıq keçirmirlər. O boyda rayonlarımız var. Nə qədər gənclərimiz boş-boşuna gəzirlər. Olmazdı ki, onları həmin rayonlarda idmana, futbola cəlb edək? Hər rayondan 1 futbolçu millimizdə oynasa, bəs edər. İslandiyaya baxın. Əhalisi heç 1 milyon deyil, 300 mindir. Ancaq Avropa çempionatında nələr edirlər.
- Yeri gəlmişkən, Avropa çempionatında qələbəyə əsas favoritiniz kimdir?
- Mən həmişə İspaniyaya azarkeşlik etmişəm. Ancaq bu yığma artıq turnirdən kənarda qalıb. Fikrimcə, Avropa çempionu ya Almaniya, ya da İtaliya olacaq. Yəni, bugünkü 1/4 final cütünün qalibi. Onu da demək istəyirəm ki, dünənki 1/4 finalda Uelsin Belçikaya qalib gəlməsinə sevindim.
- Niyə?
- Çünki həmişə nisbətən zəiflərin, kasıbların tərəfində olmuşam.