"Kəpəz"in 16 illik fasilədən sonra avrokuboklara qayıdışı təzadlı olub. Sportnet.az-ın məlumatına görə, 1995-ci ildən qitəmiqyaslı turnirlərin iştirakçısı olan Gəncə təmsilçisi tarixində ilk dəfə mərhələni məhz Avropa Liqasında adladı. Bu, I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubu ilə matçlarda oldu. Özü də Şahin Diniyev məşqçi kimi avrokuboklarda debütündə uğurlu nəticəyə imza atdı.
Ancaq ikinci mərhələdə Avstriyanın "Admira" klubunu keçə bilməyən "Kəpəz" ümumilikdə qeyri-məhsulardığı ilə də yadda qaldı. Təsadfüi deyil ki, gəncəlilər 4 oyunda cəmi 1 qol vurdu. Buna imza atan braziliyalı yarımmüdafiəçi Dario Federiko "Daçiya"nın qapıçısının kobud səhvi nəticəsində tarixi qolun müəllifi oldu. İki mərhələ keçən komandalar arasında ən aşağı məhsuldarlıq Gəncə təmsilçisi ilə bağlı oldu.
Əslində isə avrokuboklarda ilk qolumuzun müəllifi məhz "Kəpəz"dir. Komanda buna elə Avstriyada, 21 il öncə "Austriya" ilə səfər matçında hücumçusu Yadigar Süleymanovla imza atıb.
Bu, "Kəpəz" üçün avrokuboklarda 6-cı mövsüm oldu. Tarixə nəzərə salsaq, komandanın az qol vurduğunu görə bilərik. Gəncə təmsilçisi 1997/98 və 2000/01 mövsümlərində keçirdiyi oyunlarda ümumiyyətlə, qol vurmayıb. Debütdə isə indiki kimi 1 qola imza atılıb. Ancaq fərq ondadır ki, "Kəpəz" həmin vaxt 2, indi 4 oyun keçirib.
Gəncəlilər ən çox qolu Çempiponlar Liqasında çıxış etdiyi ardıcıl 2 mövsümdə - 1998/99 və 1999/00-də vurub. Polşanın LKS klubunun qapısına evdə, Gəncədə hücumçu İmamyar Süleymanov, səfərdə ukraynalı yarımmüdafiəçi Dmitri Smirnov yol tapıb. "Kəpəz" Makedoniyanın "Sloqa Yuqomaqnat" klubunu isə Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Bunların müəllifləri yarımmüdafiəçilər Ramiz Məmmədovla Vidadi Rzayev (penalti) olub. Göründüyü kimi, "Kəpəz"in 1 oyunda ən çox məhz bu matçda qol vurub.