İyulun 22-də Bakı Olimpiya Stadionunda Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, AFFA, Bakı Olimpiya Stadionu və AFFA yanında Media Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir arenanın Media İş Mərkəzində baş tutub.
AFFA-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və "Futbol+” qəzetinin baş redaktoru, Media Komitəsinin İdarə Heyətinin sədri Mahir Rüstəmli tədbir iştirakçılarını salamlayıb, jurnalistlərə işlərində uğurlar arzulayıb.
Mərasimin ən maraqlı hissəsi isə Media Komitəsinin təsis etdiyi nominasiyalar üzrə təltifetmələr olub. 7 qalib müəyyənləşib ki, ilk olaraq Fəxri Diplom və pul mükafatı Şakir Yaqubova təqdim edilib. "Ənənələrə hörmət” nominasiyasında seçim məhz bu tanınmış qələm sahibi, sabiq idman jurnalistinin üzərində dayanıb. Mükafatı ona Mahir Rüstəmli təqdim edib.
Digər qaliblər isə bunlar olub: "İlin reportyoru” – Ruslan Mikayıllı (azerisport.com), "İlin köşə yazarı” – Elçin Cəlilov (futbolpress.az), "İlin fotoqrafı” – Qənbər Cəlilov (AFFA), "İlin şərhçisi” – Elnur Məmmədli (CBC Sport), "İlin mətbuat katibi” – Aslan Şahgəldiyev (PFL), "İlin idman yazarı” – Sərxan Musalı ("Futbol+” qəzeti).
Tədbirdən sonra söz Şakir Yaqubova və Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Soltanovaya verilib.
Rəsmi hissə bitdikdən sonra jurnalistlər yemək masası arxasına dəvət olunublar.