"Deyəndə ki çempionatınız digərlərindən fərqlənmir, deyirdilər ki, Ramin öz çempionatını tərifləyir. Amma indi "CBC Sport" yüksək səviyyəli çəkiliş edir. Əvvəlki yayımları da pisləmək fikrində deyiləm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın püşkatmasından öncə çıxışında bildirib. Onun sözlərinə görə, qarşıdakı mövsümdə iştirak edəcək 8 komandadan 6-sı avrokuboklar üçün mübaricə aparacaq: "Bu da maraqlı mübarizənin olacağı deməkdir. Formalarda başqa dildə adlar yazılırdı. Yeni mövsündə klub rəhbərləri ilə belə razılığa gəldik ki, komandaların formalarının arxasında futbolçuların adları öz əlifbamızla yazılacaq. Bu mövsüm avropadakı təmsilçilərimiz bizi sevindirdi. Klublarımız avrokubok oyunlarında mərhələ adlamağı bacardılar. Vaxt var idi ki, bir mərhələ adlayarkən böyük bir uğur sayılırdı. Artıq iki mərhələ keçmək bizi qane etmir. "Qarabağ" bu gün oynayır, onlara uğur arzu edirəm. Birisi gün də "Qəbələ"yə. Hər iki klubumuz ilk oyunlarını səfərdə keçirəcəklər. Çalışacağıq ki, hər iki oyun canlı göstərilsin. "Topaz" sağ olsun ki, bu il də çempionatımıza sponsorluq edəcək. Bu il daha maraqlı proqramlar fikirləşmişik. Jurnalistlərin də məsləhətli təklifləri olsa, həyata keçirməyə hazırıq".
Musayev son günlərdə futbolumuzla bağlı xoş olaylardan da danışıb: "Hər birimiz sevindik ki, gənc hakimimiz Əliyar Ağayev U-19 Avropa çempionatının finalını idarə etdi. Sağ olsun AFFA rəhbərliyi, bu işdə PFL-in də az da olsa rolu olub. Mən AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm ki, hər zaman hakimlərimizin təlim-məşq toplanışlarını təşkil edir. Bu mövsüm Əliyar Ağayevə və digər həmkarlarına uğurlar arzu edirəm. Daha bir sevindirici hal ondadır ki, bu mövsümdə iki futbolçumuz Portuqaliyada çıxış edəcəklər. Elnur Cəfərovla Budaq Nəsirov Portuqaliya klublarına keçiblər. Onlara da uğurlar arzu edirəm. Mən inanıram ki, ötən mövsümlərdə olduğu kimi bu il də ədalətli çempionat olacaq. Toplar "Adidas"a məxsus Beje toplarıdır və satışdan 50 faiz ucuz gətirmişik".