Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandalarının yarışında 2016/2017-ci illər mövsümünə start verilib. Sportnet.az-ın məlumatına görə, "Zirə” 1-ci turda "Sumqayıt”ı qəbul edib. Baş məşqçi kimi komandanı ilk rəsmi oyuna çıxaran Ayxan Abbasov qələbə ilə başlayıb.
Oyunun əvvəllərindən üstünlüyü ələ alan "gənc qartallar” erkən qollarla azarkeşləri sevindiriblər. Artıq 9-cu dəqiqədə Muxtar Əliyev hesabı açıb. Cəmi 3 dəqiqə sonra isə Muxtar dublunu rəsmiləşdirib: 2-0. İlk hissə elə bu hesabla da yekunlaşıb.
Fasilədən sonra da "Zirə”nin fərqlənmək üçün şansları olub. Amma hesab sona qədər dəyişməyib. "Zirə" ilk turda "Sumqayıt” üzərində 2-0 hesablı qələbə qazanmaqla, çempionata uğurlu nəticə ilə başlayıb.