"Rəqibi çox yaxşı oyun göstərmələri münasibətilə təbrik edirəm. Nəticəyə oynayan mobil komanda təsiri bağışladılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi məğlubiyyəti hər hansı futbolçunun adına yazmağı düzgün saymayıb: "Belə olsa, qələbəni də fərdin üstünə atmalıyıq. Uduzmağımızın "Viktoriya" ilə oyunla da əlaqəsi yoxdur. Çünki fərqli turnir və fərqli oyunlardır. Qalib gəlmək istəyirdik, amma alınmadı. Namiq Ələsgərovu meydana buraxdım, vəziyyəti pis deyil. Sadəcə, oyun təcrübəsi azdır. Çalışırıq ki, əvvəlki vaxtlarına geri qaytaraq. Meydança ilə bağlı nəsə deyə bilmərəm. Bu meydanda qalib gəldiyimiz oyunlar olub. Ancaq təbii otla sünisi eyni deyil".
Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçin "Göteborq" komandası haqda fikirlərini də dilə gətirib: "Rəqib haqda az da olsa, məlumatımız var. Oyunları ilə maraqlanmışıq, bu komandanı tanımağa çalışırıq. "Sumqayıt"la oyundan sonra daha ətraflı məlumat toplamağa və futbolçulara tanıtmağa bir həftəmiz olacaq. Keçilməz rəqib yoxdur. Həmçinin biz də beləyik. Bu idman oyunudur və öz prinsipləri var. Çalışacağıq ki, daha yaxşı hazırlaşaq. Bu iki oyun bizim üçün çox önəmlidir. Deyərdim ki, "Göteborq" arzuolunmaz rəqibdir".
Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiya "Viktoriya"sı səddini keçə bilmədikdən sonra "Qarabağ" və baş məşqçisi kəskin tənqidlərlə üzləşib. Qurbanov tənqidlərə hazır olmalarının gərəkliyini söyləyib: "Buna hazır olmalıyıq. Öz işimizi layiqincə yerinə yetirməyə çalışırıqsa, bunları düşünməməliyik. Özümüz səhvimizi, düzümüzü görürüksə, tənqidləri normal qarşılayıram. Amma tənqiddən tənqidə fərq var. Bu günə qədər heç kim haqda fikir, rəy bildirməmişəm. Ola bilər ki, hər hansı bir sözə görə kiçik fikir bildirmişəm. Bu gün 44 yaşım var. İndidən tənqidləri pis qəbul etsəm, gərək karyeramı bitirəm. Cəmiyyətdə belə bir hal yaranıb ki, hər bir sahədə mənfi fikir bildirən insanlar var. Hər birinə normal baxıram, amma az maraqlanıram. İnsanlara qarşı həmişə necəyəmsə, elə olmağa çalışıram".
Yerli mütəxəssis "Qəbələ"nin Avropa Liqasındakı çıxışından da danışıb: "Hələ avrokuboklardan öncə hər bir komandamıza uğurlar arzulamışam. Ölkə reytinqini qaldırmaq üçün komandalarımız mütləq irəli getməlidir. Püşkatmalarda bu reytinq vacib amildir. "Qəbələ" illərdir Azərbaycan futbolunda çox güc sərf edir. Baş məşqçiləri də çox istəklidir. "Qəbələ"nin "pley-off" mərhələsində olması çox sevindiricidir".
Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"la avqustun 11-də, "Göteborq"la isə avqustun 18-də və 25-də üz-üzə gələcək.