"Qəbələ"yə keçdiyimə görə çox şadam! Bu, karyeramda irəliyə doğru böyük addımdır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin yeni transferi Petar Franyiç Xorvatiya mətbuatına açıqlamasında bildirib. Avropa Liqasının qrup mərhələsində təmsilçilərimizdən biri olan "qırmızı-qaralar" "transfer pəncərəsi"nin bağlanması ərəfəsində 25 yaşlı xorvat legioneri heyətinə qatıb. 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Franyiç "Qəbələ"yə keçidinin karyerasında müsbət irəliləyişə səbəb olacağına şübhə etmir: "Ümid edirəm ki, öz oyunumla yeni klubuma kömək edə biləcəyəm. "Qəbələ" Avropada böyük ambisiyalara malikdir".
Petar ötən mövsüm vətənində oynadığı "Split" klubunu maddi problemlər üzündən tərk etməli olub. Yeni təklfiləri nəzərdən keçirən futbolçu həmyerlisi Filip Ozobiçin formasını geyindiyi "Qəbələ"nin dəvətini qəbul edib və "transfer pəncərəsi"nin bağlanmasına dəqiqələr qalmış keçidi baş tutub. Artıq baş məşqçi Roman Qriqorçukun sərəncamında 2 xorvat futbolçu var.
Qeyd edək ki, Franyiç iki gün öncə Vyanadan Odessaya yollanaraq yeni komandasına qoşulub. "Qəbələ" Ukraynada 1 həfətlik təlim-məşq toplanışına yollanıb.