2018-ci il dünya çempionatının seçmə mərhələsində start oyunu Azərbaycan milli komandası üçün təkcə qələbə ilə yadda qalmayıb. Sportnet.az-ın məlumatına görə, millimiz San-Marino yığmasını 1:0 hesabı ilə məğlub etdiyi səfər matçında sarı vərəqə almayıb. Oyunun belçikalı baş hakimi Stefan Delfelyere rəqibə 3 vərəqə göstərib ki, bunlardan 2-si sarı, 1-i qırmızı olub.
Futbolçularımızın sarı vərəqə almamağı elə hazırkı baş məşqçi Robert Prosineçkinin vaxtında müşahidə olunub. Bu, ötən seçmə mərhələdə digər "cırtdan”la – Malta yığması ilə 2:2 hesabı ilə nəticələnən səfər matçında olub. Özü də həmin oyun da sentyabr ayına (6 sentyabr) təsadüf edib. Qarşılaşmanın avstriyalı baş hakimi Harald Leçner onda cəmi 1 sarı vərəqə göstərib və bu da rəqibə olub.
Digər maraqlı məqam ondadır ki, millimiz bundan öncəki dünya çempionatının son seçmə mərhələ matçında da "sarı”sız ötüşüb. Bu, 2013-cü ilin oktyabrın 15-də Rusiya yığması ilə "Bakcell Arena”da 1:1 hesabı ilə nəticələnən rəsmi oyundur. Serbiyalı baş hakim Milorad Maziç onda rəqibin 2 futbolçusuna sarı vərəqə verib ki, bunlardan biri soydaşımız Aleksandr Səmədova olub.
Göründüyü kimi, yığmamız dünya çempionatında seçmə mərhələsində ardıcıl 2-ci oyundur xəbərdarlıq almır.
Futbolçularımız Prosineçkinin vaxtında 7 rəsmi oyunda 10 vərəqə alıb ki, bunun 9-u sarı, 1-i qırmızı olub. Qara Qarayevlə Rahid Əmirquliyevlə 2, Kamran Ağayev, Rəşad Sadıqov, Maksim Medvedev, Cavid Hüseynov və Dmitri Nazarov 1 dəfə sarı vərəqə alıblar.
Meydandan qovulan isə müdafiəçimiz Bədavi Hüseynov olub. O, İtaliya yığmasına Bakı Olimpiya Stadionunda 1:3 hesabı ilə uduzduğumuz matçın 88-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı alıb. Ən çox sarı vərəqəmiz (3) Bolqarıstanla səfər matçında olub.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb